Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi iddialarına aydınlıq gətirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb.
“Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir.
Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.
Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunub, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunmaqları nəzərdə tutulur”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Laçın sakini Aydın Abışzadənin püşkatma zamanı ona düşən evin başqasına satıldığını iddia edən videosu yayılıb.
Vətəndaş qeyd edib ki, püşkatma zamanı ona Sus kəndində 32 nömrəli, 3 otaqlı ev düşsə də, sonradan həmin evi başqasına veriblər. İddiaya əsasən, onunla bərabər daha 2 nəfərə düşən ev Rusiyada yaşayan həmyerlilərinə verilib.
Vətəndaş bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyini, amma ona lazımı cavab verilmədiyini iddia edib.