15 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım gününə həsr olunmuş “Nurlu ömür” mövzusunda tədbir keçirb.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının əməkdaşı Səbinə Səlimova açaraq Zərifə xanım Əliyevanın xalqımızın yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qaldığını qeyd edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin Masallı rayon şöbəsin oftalmoloqu Gülnarə Məmmədova Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr vermiş, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın elmi və ictimai fəaliyyətindən bəhs edərək, bu bacarıqlı alimin, tanınmış oftalmoloqun insanların sağlamlıqlarının qorunması üçün yorulmaq bilmədən çalışdığını vurğulayıb.
G.Məmmədova qeyd edib ki, Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilib. Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə xanım işıqlı bir ömür yaşadığı kimi insanlara da nur bəxş edib, onlara diqqət və qayğısını heç zaman əsirgəməyib. O, Ümummilli liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, hər zaman Onun sadiq məsləkdaşı olub, gözəl, qayğıkeş bir ana kimi cəmiyyətimiz üçün layiqli övladlar yetişdirib.
Sonra Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova, Mahmudavar kənd tam orta məktəbin direktoru Xanım Əliyeva və başqaları çıxış edərək Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında məlumat veriblər.