Martın 11-də Prezidentimiz İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.Dövlətimizin başçısı bəyanatla çıxış edərək bildirdi ki, əziz qonağımız Qazaxıstan Prezidentini dövlət səfəri ilə qəbul etmək bizim üçün böyük şərəfdir. Kasım-Jomart Kemeleviç, xoş gəlmisiniz.
Bu gün qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi sahəsində artıq görülmüş işlərlə bağlı ətraflı diskussiyalar apardıq, həmnin gələcək planlarımızı geniş müzakirə etdik. Bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstanın Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində mən Qazaxıstana dörd dəfə səfər etmişəm, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üçüncü dəfədir ki, ölkəmizə gəlir. Bu gün, eyni zamanda, fikir mübadiləsi çərçivəsində cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə etdik. Yəni, belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə mənzərəni aydın göstərir. Biz təkcə mühüm ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmirik, həmçinin regional problematika, regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuruq. İlk növbədə, istərdim ki, işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə Kasım-Jomart Kemeleviçə bir daha təşəkkürümü bildirim. Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Qarşılıqlı fəaliyyətimizin və birgə işimizin nəticələri, ən başlıcası, gələcək planlarımız həqiqətən də böyükdür.
Həmçinin neft-qaz sahəsində əməkdaşlıqla bağlı vəziyyət geniş təhlil edildi, yeni konkret layihələr müəyyənləşdirildi. Biz COP29 iqlim konfransına hazırlıq məsələlərini müzakirə etdik və qazaxıstanlı qardaşlarımıza bu çox mühüm beynəlxalq konfransa hazırlıq və onun keçirilməsi çərçivəsində əməkdaşlıq təklif etdik. Həmçinin humanitar əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu. Hər bir istiqamət geniş sahədir. Hökumət üzvlərinin məruzələrini dinləyəndə əyani şəkildə əmin olduq ki, artıq çoxlu iş görülüb, həm mədəniyyət günləri, həm müxtəlif tədbirlər, həm də xalqlarımızın görkəmli nümayəndələrinin xatirəsinin anılması, nəqliyyat, energetika əməkdaşlığı layihələrinin praktiki həlli, “yaşıl” enerji sahəsində əməkdaşlığın perspektivləri.
Biz paralel istiqamətlər üzrə irəliləyirik. Bu gün diskussiyalar çərçivəsində qeyd edildi ki, TransXəzər nəqliyyat marşrutunu meydana, deyərdim ki, dünya nəqliyyat-logistika spektrinə çıxaran indiki geosiyasi şərait möhkəm bazaya malikdir. Çünki həm Qazaxıstanda, həm də Azərbaycanda əvvəlki illərdə bu sahəyə böyük investisiyalar yatırılıb. Zəngin təbii ehtiyatlara malik olmağımıza baxmayaraq, biz nəqliyyat infrastrukturumuzun bu gün beynəlxalq standartlara tam uyğun gəlməsinə çalışdıq və buna nail olduq. Həm Qazaxıstanda, həm də Azərbaycanda dəmir yolları, aeroportlar, avtomobil yolları, dəniz limanları daxil olmaqla, irimiqyaslı nəqliyyat layihələri həyata keçirildi. Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür.
Prezidentimiz həmçinin qeyd etdiki, Mən Qazaxıstanın sosial-iqtisadi inkişafda, iqtisadiyyatın davamlı artmasında, beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik etdim. Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir. Biz buna ürəkdən sevinirik. Qazaxıstana hər səfərdə dəyişikliklərin şahidi olursan. Mən Kasım-Jomart Kemeleviçə dedim ki, müasir, gözəl meqapolis olan Astananın salınması dünya tarixində nadir nümunələrdən biridir. Mənim hər səfərimdə, - artıq dediyim kimi, son ilyarımda dörd dəfə orada olmuşam, - inkişafın şahidi oluram. Dəvətimi qəbul etdiyi və Azərbaycana gəldiyi üçün Qazaxıstan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Artıq dediyim kimi, bu dialoqu daim saxlamaq və qərara gəldiyimiz, imzaladıqlarımızı həyata keçirmək üçün komandaların bütün üzvlərinə daimi impuls vermək məqsədilə biz yaxın vaxtlarda yeni görüşlər keçirməyi razılaşdırdıq.Bir daha xoş gəlmişsiniz.
Əsədli Əsəd,
Masallı Dövlət Regional Kollecinin müəllimi