8 Mart beynalxalq qadınlar günüdür!

8 Mart beynalxalq qadınlar günüdür!
  • Cəmiyyət

  • 8 Mart iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır.  O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

    Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
               
    Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.
               
    Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi: “Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar”.
                 
    8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın. Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar.
         
    Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
             
    Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar–bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.




    Xanım Əliyeva,
    Mahmudavar kənd tam orta məktəbin direktoru
     

    PAYLAŞ:

    Oxşar xəbərlər