5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar Yeni Azərbaycan partiyasının VII qurultayı keçirilmişdir.
Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi - ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.
Partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir.
3 il öncə keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib.
YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın nail olduğu yüksəliş nümunələri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.
Babayeva Elanora,
Masallı rayon N.Nərimanov adına şəhər 2 nömrəli məktəb