Bu gün qardaş Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətidir. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və bütün digər sahələrdə böyük uğurla inkişaf etməkdədir. İki ölkənin dövlət başçılarının müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və öz müsbət nəticələrini verir. Əlbəttə ki, bu baxımdan da Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə bu ilin 7 fevral tarixində keçirilmiş prezident seçkilərindən sonra ilk rəsmi dövlət səfərini də məhz qardaş Türkiyəyə etməsi böyük önəm daşıyır. Fevral ayının 18-19-da baş tutmuş bu səfərin gedişində bir çox önəmli məsələlər müzakirə olunmuş, mühüm dövlətlərarası sənədlər imzalanmışdır.
Qeyd etmək lazımdır ki, imzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da təhsil sahəsində irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev fevralın 19-da mətbuata bəyanatla etdiyi çıxışında bu anlaşmanın imzalanmasını gələcəyə yönəlmiş təşəbbüs kimi qiymətləndirmişdir. Əlbəttə ki, bu Universitetin yaradılması ilə azərbaycanlı gənclərin Türkiyəyə rahatlıqla gedə bildikləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Əlbəttə ki, bu layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir önəmli töhfə verəcək. Türkiyə-Azərbaycan Universitetinin yaradılması birliyimizin növbəti rəmzidir.
Əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edilərkən 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi xüsusi qeyd olunmalıdır. İlk növbədə Şuşa Bəyannaməsi Türk dünyasının gücünə güc qatan Türkiyə-Azərbaycan birliyini və qardaşlığını bütün dünyaya bəyan edən bir mesaj oldu. Eyni zamanda da bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırmaqla bu münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının təminatçısı kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucalmış Türkiyə və Azərbaycan münasibətləri bu gün artıq siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir.
Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi