“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”

“Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”
  • Cəmiyyət

  • Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitq söyləyib.
    “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir”, prezident növbəti illərin əsas prioritetləri kimi bunları qeyd edib.

    İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda "ordu qurculuğu", "hərbi sənayenin inkişafı", "sərhədlərin qorunmasının gücləndirilməsi", "xarici risklərdən qorunmaq", "milli birlik", "azərbaycançılıq", "azad edilmiş ərazilərin bərpası", "məcburi köçkünlərin doğma yurdlarına qaytarılması", "iqtisadi və sosial sahədə inkişaf", "yoxsulluq və işsizliyin aradan qaldırılması", "xarici investisiyaların cəlbi", "monopoliyalara qarşı mübarizə", "nəqliyyat infrastrukturu", "tranzit imkanlarından faydalanmaq", "texnoloji və süni intellekt sahəslərinin inkişafı" ifadələrini istifadə edib.

    O xarici siyasətin əsas prioriteti kimi Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Əliyev həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib.

    Azərbaycanın dövlət başçısı Ermənistan-Azərbaycan sülh gündəliyindən danışarkən ölkə ordusunun öz gücünü göstərdiyini qeyd edib.
    Təhlükəsizlik haqda danışarkən, prezident Azərbaycanda daxili risklərin olmadğını bildirib. Onun fikirncə, Azərbaycana qarşı əsas risklər xaricdə formalaşır.

    “Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də ideoloji risklərdən qorumalıyıq”, İlham Əliyev qeyd edib.

    İqtisadi və sosial durumla bağlı danışarkən Əliyev qeyd edib ki, hazırda ölkədə minimum əmək haqqı 345 manat, minimum pensiya 280 manatdır.“Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var”, o əlavə edib.
    Azərbaycan prezidenti neft-qaz hasilatı, yaşıl enerji ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafından danışıb. “Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq, təbii ki, Avropa istiqaməti üzrə”, Əliyev qeyd edib.

    İlham Əliyevin andiçmə mərasimindəki nitqinə reaksiya verən müxalif siyasətçilər və müstəqil ekspertlər isə ölkənin strateji inkişafı üçün siyasi islahatların, insanların hüquq və azadlıqları sahəsində təminatın vacibliyini önə çəkib.

    “Monopoliyaya son qoyulmalıdır. Korrupsiya və rüşvətxorluğa nəhayət son qoyulmalıdır. Bunun üçün hal-hazırda çox ciddi imkanlar mövcuddur. Bu islahatların həyata keçirilməsi, o cümlədən xarici siyasətdə radikal dəyişikliklərin edilməsinə ehtiyac var. Təbii ki, türk dövlətləri birliyinin inkişaf etdirilməsi və Azərbaycanın bu birlikdə iştirakı vacibdir. Elə İslam Əməkdaşlıq Təşkilatı ilə də Azərbaycanın mənafelərinə uyğun olan əməkdaşlığın davam etdirilməsi zəruridir”, Hacılı qeyd edib.

    O hesab edir ki, ilk növbədə Azərbaycan Konstitusiyasına və Azərbaycanın təhlükəsizlik konsepsiyasına əməl edilərək ölkənin avrointeqrasiya istiqamətində inkişafına, demokratiya və insan haqları sahəsində inkişafa nail olunmalıdır.

    Çünki bütövlükdə Azərbaycanın inkişafı və inkişaf edən ölkələrlə rəqabət şəraitində inkişafı məhz bu yolla mümkündür. Bunlar əslində Azərbaycanın Konstitusiyasında və qanunlarında öz əksini tapmış məsələlərdir. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanacaq. Bu, bütvlükdə regional kommunikasiyaların açılması, regional əməkdaşlığın yaranması və inkişafına əsas yaradacaq.



    Hörmət Məmmədli,
    Masallı rayonu, Binə Xocavar kəndi

    PAYLAŞ:

    Oxşar xəbərlər