Cari ilin fevralın 14-də ölkəmizdə yeni dövrün başlanğıcının əsası oldu. Necə ki, Prezident İlham Əliyev Azərbaycan xalqının, onun qədirbilən vətəndaşlarının ən yüksək — 92,12 faizini yığaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra, Milli Məclisdə əlini Konstitusiyamızın və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə “Qurani-Şərif”in üzərinə qoyaraq and içən dövlətimizin başçısı öz vəzifə səlahiyyətlərinin icrasına başlayaraq növbəti tarixi missiyanın icrasını üzərinə götürdüyünü elan etdi. Təbii ki, uzun illərin çətin, məsuliyyətli sınaqlarından çıxan, zəngin dövlət təcrübəsi olan Ali Rəhbərin taleyüklü məqsədi xalqını, hər bir vətəndaşını xoşbəxt görmək, onun qarantı olmaqdır. Xalq İlham Heydər oğlu Əliyevə inanır, ona özü kimi etibar edir və bu əbədi belə olacaq! -
Bəli, indi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq, deyən Ali Rəhbər andiçmə mərasimindəki nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onu yenidən Azərbaycan Prezidenti seçmiş xalqımıza minnətdarlığını bildirərək qeyd edib ki, ilk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik. Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.
Azərbaycan Respublikasının Prezidenti çox vacib olan məsələyə bir daha aydınlıq gətirdi: «Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər...»
Ermənistan tərəfi imza etdiyi kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzində, daim təxribatlar törətməklə antiterror tədbirləri nümayiş etdirdilər. Axırda da Azərbaycan Ordusu mübarizlik şəraitində, heç bir gündə yox, cəmi 23 saat ərzində erməıni separatçılarını təslim etmək məcburiyyəti şəraitində saxladı, sonra da Azərbaycan respublikasının suverenliyi bərqərar oldu.
İndi dövlətimiz beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu, mövqeli ölkədir. COP29 kimi beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi və Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanın Hərəkatın fəaliyyətinə verdiyi mühüm töhfədir. Azərbaycan Respublikasının Prezidentinin dediyi kimi, “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”. Bundan sonrakı mərhələlərdə də cənab Prezidentin imzalayacağı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsinə, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşmasına istiqamətlənəcəkdir. Bu yolda ölkə başçımıza uğurlar arzu edirik!
Seyfəddin ƏLİYEV,
YAP Masallı Rayon Təşkilatının sədri.