Azərbaycan Milli Elmlər Akademiyasının Direktorlar Şurasının ilk iclası keçirilib.
İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, direktor müavinləri və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli şuranın ilk iclasının əlamətdar dövrə təsadüf etdiyini, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə ölkəmizin yeni tarixi dövrə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, ölkəmizin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandığı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir şəraitdə keçirilən seçkidə xalqımız öz Liderinə səs verdi və İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının seçkilərdə inamlı qələbəsi, beynəlxalq təşkilatların müsbət rəyləri və dövlət rəhbərinə gələn təbriklər bir daha Prezident İlham Əliyevin dünya liderlərindən biri olduğunu göstərdi.
Ölkəmizin yeni tarixi mərhələyə qədəm qoyduğunu deyən AMEA rəhbəri diqqətə çatdırıb ki, hazırda qarşımızda duran başlıca vəzifə Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiyi “gələcək dövr üçün milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi”ndə aktiv iştirak etməkdən ibarət olmalıdır və bu xüsusda Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşür. Akademik İsa Həbibbəyli dövlət başçısının sözügedən tapşırığının icrası istiqamətində AMEA-nın Rəyasət Heyətində ilkin müzakirələrin aparıldığını və milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün elmi müəssisələrdə alimlərin iştirakı ilə növbəti müzakirələrin keçiriləcəyini bildirib.
AMEA-da dövlət başçısının və müasir dünya elmin çağırışları, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələrək tədqiqatların aparıldığını bildirən akademik İsa Həbibbəyli Akademiyanın hazırda yeniləşmə yolunda inamla addımladığını vurğulayıb. Qeyd edib ki, yeniləşən Akademiya istiqamətində növbəti addım kimi AMEA-da idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, meydana çıxan problemlərin səmərəli həll yollarının axtarılması, AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması, təcrübə mübadiləsinin aparılması, elmi tədqiqat işlərinin müasir tələblərə uyğun aparılması üçün yeni mexanizmlərin işlənib hazırlanması, birgə elmi və elmi-texniki tədbirlərin təşkili, əmək intizamının tənzimlənməsi məqsədilə Direktorlar Şurası yaradılıb.
İclasda Direktorlar Şurasının hüquq və vəzifələri, eləcə də fəaliyyət istiqamətlərini əks etdirən Əsasnaməsi müzakirəyə çıxarılıb və Əsasnamənin təsdiq olunması üçün AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib. Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər. İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.
Tədbirdə müzakirələrdə AMEA-nın vitse-prezidentləri - akademik Rasim Əliquliyev və akademik Gövhər Baxşəliyeva, həmçinin AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
Müəllif: Leqal.az