Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir

Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir
  • Cəmiyyət

  • Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir.Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib. Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır.

    Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi. XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun   təşkil etdi. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı.1 saylı “ASAN kommunal” mərkəzinin açılışında cənab Prezident  İlham  Əliyev könüllülərin “ASAN xidmət”dəki rolunu yüksək qiymətləndirirdi: “Əlbəttə  ki, biz “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq: “könüllülər hərəkatı nədir?”-onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır.

    Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində  işləyib və  bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir”. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.


    Emil İlqar,
    Masallı rayon Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəb
    PAYLAŞ:

    Oxşar xəbərlər