Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da ölkə üzrə şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlı imzaladığı qərar bu gündən qüvvəyə minib.
LEQAL.AZ xəbər verir ki, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Eyni zamanda, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb və bəzi məhdudiyyətlər tətbiq edilib.