Neftçala şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb-FOTO

Neftçala şəhərinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb-FOTO
  • Cəmiyyət

  • İçməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşıb.

    Azərsu ASC-dən verilən məlumata əsasən, noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

    2020-ci ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, Neftçala şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan bir ay əvvəl başa çatdırılıb.

    Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra kəmər yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib.

    Salyan-Neftçala magistral kəmərinin istismara verilməsi modul tipli su təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.

    Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

    Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli, 116 km tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa olunacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər