Noyabrın 16-da AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda akademik Cəlal Əliyev qiraətləri keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları, bölmənin üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, eləcə də Beynəlxalq İpək Yolu Elmlər Akademiyasının üzvü, Macarıstanın Seged şəhərinin HUN-REN Bioloji Tədqiqat Mərkəzinin fəxri professoru, Ostrava Universitetinin dəvətli professoru Gyozo Qarab, həmçinin gənclər və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları I Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və akademik Cəlal Əliyevin məzarlarını ziyarət edib, abidələri önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilən tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə biologiya elminin yeni istiqamətlərinin təşəkkülündə və inkişafında akademik Cəlal Əliyevin misilsiz xidmətləri olub. Qeyd edib ki, görkəmli alim məşğul olduğu bütün sahələrdə yüksək nailiyyətlər əldə edib və elmə, ictimai mühitə, insanlara daim ciddi münasibət bəsləyib.
Ölkəmizdə bioinformatika, molekulyar biologiya, fotosintez kimi elm sahələrinin akademik Cəlal Əliyevin adı ilə bağlı olduğunu deyən AMEA prezidenti vurğulayıb ki, görkəmli alimin mühüm xidmətlərindən biri də bioloji məhsuldarlığın praktik fəaliyyətdən yüksək elmi tətbiqi səviyyəyə qaldırılması olub: “Akademik Cəlal Əliyevin elmi ideyaları, nəzəriyyələri öz sağlığında xalqa xidmət edən bir sərvətə çevrilmişdir. Azərbaycanın böyük əkin sahələrində Cəlal Əliyevin rəhbərliyi altında əldə olunmuş mühüm elmi nailiyyətlərin praktik sınağı həyata keçirilmiş, yüksək məhsuldarlıq alınmışdır”.
Akademik Cəlal Əliyevin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətində mühüm xidmətləri olduğunu deyən AMEA rəhbəri alimin yaratdığı elmi məktəbin yetirmələrinin bu gün həmin müəssisələrdə uğurla çalışaraq Azərbaycan elminin inkişafına xidmət etdiklərini söyləyib. Qeyd edib ki, Cəlal Əliyev elmi məktəbinin işığında yetişmiş kadrların özünəməxsus xüsusiyyətlərindən biri də onun yetirmələrinin məşğul olduqları sahələr üzrə mahir bilicilər olmasıdır.
Görkəmli alimin ictimai-siyasi mühitdə də öz xarakteri ilə seçildiyini deyən AMEA prezidenti akademik Cəlal Əliyevin daim dövlətçiliyimizə, azərbaycançılığa, HeydərƏliyevçiliyə sadiq olduğunu, ölkəmizin keçid dövründə xaosdan xilasında Ulu Öndərə mühüm dəstək verdiyini bildirib.
Alimin Akademiyanın da inkişafında xüsusi rolu olduğunu qeyd edən akademik İsa Həbibbəyli vurğulayıb ki, akademik Cəlal Əliyev AMEA Rəyasət Heyətinin üzvü və Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi elmimizin inkişafı üçün zəruri qərarların qəbulunda yaxından iştirak etmişdir.
Akademik İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, akademik Cəlal Əliyevin ideyaları bu gün də onun yetirmələri tərəfindən yaşadılır, görkəmli alimin idealları işığında Azərbaycan elminin gələcək kadrları hazırlanır.
Sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova “Akademik Cəlal Əliyevin fotosintez elminə verdiyi töhfələr: fundamental prinsiplərdən məhsuldarlıq proseslərinin idarə olunmasına qədər” mövzusunda məruzə ilə çıxış edib.
Alimin tərcümeyi halını diqqətə çatdıran akademik İradə Hüseynova bildirib ki, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü Cəlal Əliyev 1928-ci ildə Naxçıvan şəhərində anadan olub, 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun Təbiət elmləri fakültəsini, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Qeyd edib ki, alimin “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda fəlsəfə və “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” adlı doktorluq işi ciddi elmi problemlərin həllinə həsr olunub. Diqqətə çatdırıb ki, Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində yeni elmi nəzəriyyənin formalaşdırılması akademik Cəlal Əliyevin mühüm xidmətlərindəndir və o, ilk dəfə təcrübi yolla yeni intensiv tipli sortların yaradılmasına və tətbiqinə imkan verən fundamental elmlə sahə tədqiqatlarının yeni formada vəhdətini, inteqrasiyasını yaratmışdır.
Akademik İradə Hüseynova vurğulayıb ki, qiymətli fotosintez əlamətlərinin irsən keçməsinin və ümumiyyətlə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası “ideal” tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin kompleks şəkildə həyata keçirilməsi onun adı ilə sıx bağlıdır.
Cəlal Əliyevin təşəbbüsü ilə ölkəmizdə biologiyanın yeni istiqamətlərinin - molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatika sahələrinin inkişaf etdiyini deyən məruzəçi alimin yetirmələrinin bu gün dünyanın aparıcı universitetlərində çalışdıqlarını söyləyib.
Akademik Cəlal Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransları diqqətə çatdıran natiq alimin yaratdığı elmi məktəbin bu gün onun tələbələri tərəfindən yaşadılaraq inkişaf etdirildiyini bildirib.
Daha sonra professor Gyozo Qarab akademik Cəlal Əliyevə ithaf etdiyi “Yer üzərində bütün həyatın və bəşəriyyətin gələcəyinin asılı olduğu fotosintezin füsunkar dünyası” mövzusunda məruzə ilə çıxış edib.
Açılış mərasimindən sonra tədbir öz işini müzakirələrlə davam etdirib.