AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

    İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin güclü Azərbaycan naminə çoxşaxəli zəngin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

    Sonra çoxillik əmək fəaliyyətində fərqlənən AMEA-nın veteranlarına vəsiqələri təqdim olunub.

    Tədbirdə müzakirəyə çıxarılan birinci məsələ “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün təsdiq edilməsi haqqında olub.

    Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışan akademik İsa Həbibbəyli Tədbirlər Planının “Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri” haqqında 10-cu bəndinin əsas icraçılarından biri kimi AMEA-nın müəyyən edildiyini xatırladıb. AMEA rəhbəri qeyd edib ki, Akademiyada “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə çoxsaylı monoqrafiya və elmi tədqiqat materialllarının çap edilməsi ilə yanaşı, ən fundamental nəşrlərdən biri kimi, 2023-2025-ci illər ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub.

    Bu istiqamətdə fəaliyyətin sistemli təşkil edilməsi məqsədi ilə Rəyasət Heyəti tərəfindən 8 dekabr 2022-ci ildə müvafiq qərarın qəbul olunduğunu deyən akademik İsa Həbibbəyli həmin sənədin 5-ci bəndində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ensiklopediyanın sözlüyünün hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edilməsinin tapşırıldığını bildirib. AMEA rəhbəri diqqətə çatdırıb ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən 12 bölmə üzrə 862 sözdən ibarət ensiklopediyanın sözlüyü qısa müddətdə hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib və sözlüyün müzakirəsini təmin etmək və son variantını hazırlamaq məqsədi ilə Komissiya yaradılıb. Akademik İsa Həbibbəyli bildirib ki, ötən müddət ərzində təkrarlar aradan qaldırılaraq sözlükdə sözlərin sayı 500-ə endirilib və əlavə yeni 40 söz artırılıb. Akademiyanın zəngin ensiklopedik nəşr təcrübəsinə və komandasına malik olduğunu deyən AMEA rəhbəri yüksək poliqrafik tələblərə cavab verən, sanballı nəşrin hazırlanması üçün müvafiq tapşırıqlarını çatdırıb.

    Daha sonra təqdim olunmuş sözlük müzakirə edilərək Rəyasət Heyəti tərəfindən təsdiqlənib.

    İclasda müzakirəyə çıxarılan növbəti məsələ Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasının plan-prospektinin və müəlliflər heyətinin təsdiq edilməsi haqqında olub.

    Məsələni diqqətə çatdıran akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ötən müddət ərzində AMEA-da çoxsaylı nəşrlər, kitablar, monoqrafiyalar, məqalələr, konfrans materialları dərc edilib, eləcə də “Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” və “Heydər Əliyev və Əlyazmalar İnstitutu” adlı sənədli filmlər hazırlanır. Akademik bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı AMEA tərəfindən nəşri nəzərdə tutulan elmi əsərlərdən biri də “Şəxsiyyətin miqyası və missiyası” monoqrafiyasıdır: “Monoqrafiyada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif aspektlərinə dair materialların – Heydər Əliyevin ömür salnaməsinin şərəfli səhifələri, onun görkəmli ictimai xadim olaraq dünya siyasi arenasında yeri və mövqeyi, dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq ideologiyasının formalaşmasında, elm və təhsilin, ədəbiyyatın və mədəniyyətin  inkişafında xidmətləri, milli xarici siyasət modelinin  müəyyənləşməsində fəaliyyəti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyəti və digər məsələlərin əks olunması nəzərdə tutulur. Monoqrafiyanın müəlliflər heyəti olaraq, uzun illər ərzində Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi ilə peşəkar səviyyədə məşğul olmuş, bu sahədə özünü təsdiq etmiş  görkəmli Azərbaycan alimləri müəyyən edilmişdir”.

    Qeyd olunanları nəzərə alaraq,  AMEA Rəyasət Heyəti tərəfindən “Azərbaycanın dünya miqyaslı görkəmli dövlət xadimi”, “Azərbaycançılıq ideologiyasının banisi”, “Azərbaycanın elm və təhsilinin böyük hamisi”, “Azərbaycanın ədəbiyyat və mədəniyyətində dərin iz qoyan şəxsiyyət” və “Xarici siyasətin Heydər Əliyev modeli” fəsillərindən ibarət olmaqla monoqrafiyanın plan-prospekti və müəlliflər heyəti təsdiqlənib.

    İclasda, o cümlədən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində fundamental nəşrləri ilə AMEA-nın yüksək səviyyədə təmsil olunması məsələsi müzakirə edilib.

    Akademik İsa Həbibbəyli AR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il noyabrın 15-dən 19-dək Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin keçiriləcəyini bildirib. Qeyd edib ki, sərgi yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələrinin iştirak səviyyəsinə, təqdim edilən çap məhsullarının çeşidinə, keçirilən tədbirlərin və ziyarətçilərin sayına görə regionda kitab sənayesi üzrə ən böyük beynəlxalq festival hesab olunur və 200-ə yaxın yerli və xarici şirkətin, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirakı, 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır və təxminən 40 minə yaxın ziyarətçinin gəlişi proqnozlaşdırılır: “Sərgidə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin təmsil olunması, elm və təhsil sahələrinə aid panellərin keçirilməsi nəzərdə tutulur və Azərbaycan Milli Elmlər Akademiyası da xüsusi stendlə iştirak edəcək”.

    İclasda 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının yüksək səviyyədə iştirakını təmin etmək və sərgilənəcək kitabları müəyyənləşdirmək üçün müvafiq tapşırıqlar verilib.

    İclasda, həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın 14-16 sentyabr 2023-cü il tarixlərində Monteneqro Elmlər Akademiyasında keçirdiyi VI Baş Assambleyasında iştirakı və çıxışı barədə məlumat verib. Bildirib ki, iclasda yeni tarixi mərhələdə dünya elminin prioritetləri və müasir problemləri - dünyada iqlim dəyişiklikləri, ərzaq və enerji təhlükəsizliyi məsələlərinin tədqiqi və proqnozlaşdırılması, beynəlxalq elmi təcrübənin yaradıcı şəkildə öyrənilməsi, innovasiya, süni intellekt, elmin populyarlaşdırılması və sair kimi problemlərə dair elmi məruzələr dinlənilərək  müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

    Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın iclasında süni intellektlə bağlı aparılan müzakirələrin xüsusi önəm kəsb etdiyini, bu gün elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinin yeniləşən Akademiyanın başlıca hədəflərindən biri olduğunu söyləyib. Qeyd edib ki, Akademiyada bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi və sistemliliyin təmin edilməsi məqsədilə AMEA-nın elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsi yaradılıb. Süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi ilə bağlı həmin şöbələrə tapşırıqların verildiyini söyləyib. Həmçinin dünya elmi mərkəzlərində gənc alimlər şuralarının “Gənc Akademiyalar” ilə əvəzləndiyini, tədricən AMEA-da da bu prosesin həyata keçiriləcəyini diqqətə çatdırıb.

    Beynəlxalq Elmi Şuranın Monteneqro Elm və İncəsənət Akademiyasının Akt zalında keçirilən ilk iclasında bu böyük elmi təşkilatın üzvlüyünə yeni qəbul olunmuş AMEA-nın təmsilçisi kimi çıxış etdiyini deyən akademik İsa Həbibbəyli çıxışında beynəlxalq elmi təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd etməklə bərabər, akademiyalararası əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi imkanları haqqında məlumat verdiyini söyləyib.

    Bundan başqa, Monteneqro Elm və İncəsənət Akademiyasının prezidenti, akademik Draqan Vukçeviçin rəhbərliyi ilə keçirilən Elmlər Akademiyalarının prezidentlərinin dialoqunda da çıxış etdiyini, süni intellektin imkanları və riskləri, habelə müasir şəraitdə humanitar və ictimai elmlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açdığını diqqətə çatdırıb.

    Akademik İsa Həbibbəyli, eyni zamanda səfər çərçivəsində Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları Assosiasiyasının prezidenti, professor Əhməd Yurdusev, Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski, Monteneqro Elm və İncəsənət Akademiyasının prezidenti, akademik Draqan Vukçeviç ilə görüşü və apardığı müzakirələr barədə iclas iştirakçılarına məlumat verib. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ilk dəfə olaraq tamhüquqlu üzv kimi Beynəlxalq Elmi Şuranın VI Assambleyasının yekun iclasında qərarların qəbul edilməsinə səs verdiyini vurğulayıb.

    Bundan əlavə, səfər müddətində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin Monteneqronun paytaxtı Podqoritsa şəhərində ucaldılmış heykəlini ziyarət etdiyini bildirib.

    İclasda qeyd olunanlar nəzərə alınaraq, Rəyasət Heyəti tərəfindən AMEA-nın elmi müəssisə və təşkilatlarına müvafiq elmi istiqamətlər üzrə Beynəlxalq Elmi Şura ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb.

    Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin və Azərbaycan tərəfindən icraçılarının təsdiq olunması haqqında məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli bildirib ki, 2-5 iyul 2023-cü il tarixlərində Bolqarıstana səfəri zamanı AMEA ilə bu ölkənin Elmlər Akademiyası arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb.

    Sazişin icrası ilə bağlı AMEA Rəyasət Heyəti tərəfindən 12 iyul 2023-cü il tarixində qərarın qəbul edildiyini, satira və yumor üzrə birgə tədqiqat layihəsinin icrasından irəli gələn məsələlərin həll edilməsi ilə bağlı tapşırıqların verildiyini söyləyib.

    Akademik İsa Həbibbəyli qeyd olunanlara uyğun olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA-nın Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və Bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin planı hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini diqqətə çatdırıb.

    İclasda birgə elmi layihənin planı və Azərbaycan tərəfindən icraçıları təsdiq olunub.

    Akademik İsa Həbibbəyli, o cümlədən bu günlərdə Naftalan-Goranboy bölgəsində fəaliyyət göstərən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloji ekspedisiyaların fəaliyyəti ilə tanış olduğunu diqqətə çatdırıb. Bildirib ki, səfər çərçivəsində Naftalan şəhərində “Naftalan–Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edib. Konfrans çərçivəsində sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliği istiqamətində müzakirələrin aparıldığını deyib, işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərləri barədə məlumatı diqqətə çatdırıb. Bundan əlavə, Naftalan və Goranboy ərazilərində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli qədim yaşayış yerlərində aparılan arxeoloji qazıntı işləri ilə tanışlıq barədə də məlumatı təqdim edib.

    Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev 2023-cü ilin Nobel mükafatçıları ilə bağlı təqdimatla çıxış edib.

    Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli Nobel mükafatına layiq görülən hər bir mövzunun müasir dünya elminin prioritet istiqamətlərindən olduğunu deyib və institut rəhbərlərinə, alimlərə həmin sahələrə diqqəti artırmağı tövsiyə edib.

    Daha sonra AMEA-nın elmi tədqiqat institutlarında və respublikanın digər elm və ali təhsil müəssisələrində 2023-cü ildə yerinə yetirilmiş elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında müzakirələr aparılıb.

    Akademik İsa Həbibbəyli bildirib ki, 2023-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair müzakirələr əvvəlcə müəssisənin şöbələrində və laboratoriyalarında aparılacaq və daha sonra elmi şuraların iclaslarında müzakirə olunacaq. Növbəti mərhələdə müzakirələrin AMEA-nın elmi bölmələrində aparılacağını bildirən akademik İsa Həbibbəyli hesabatların 2024-cü ilin yanvar ayında AMEA-nın Rəyasət Heyətinin iclaslarında yekunlaşdırılacağını söyləyib.

    Hesabatların ölkə başçısının Fərman və sərəncamlarının, AR Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət proqramlarının icrası, AMEA-nın Ümumi yığıncağının 16 mart 2023-cü il tarixli qərarının icrası, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı görülən işlər, elektron xidmətlər üzrə göstəricilər (elmi müəssisənin veb-səhifələrinin vəziyyəti, elmi jurnalların elektron bazasının və Google Scholar və ya digər elmi bazalarda əməkdaşların profillərinin yaradılmasi, DOİ-lərdən istifadə  və s.), elmin populyarlaşdırılması, təbliği və təşviqi istiqamətində görülmüş işlər, mühüm elmi nəticələr və təltiflər istiqamətində hazırlanacağını bildirib.

    Akademik İsa Həbibbəyli hesabatların, həmçinin elektron formada - müvafiq sxemlər, qrafiklər, fotoşəkillər və digər illüstrasiyalarla müşayiət olunmaqla və nəzəri-praktiki əhəmiyyəti şərh edilməklə təqdim edilməsinin nəzərdə tutulduğunu söyləyib. Qeyd edib ki, elektron xidmətlər şəbəkəsinin istifadəsi genişlənmədən fundamental elmi nəticələrin dünyaya çıxarılması mümkün deyildir.

    Daha sonra bu istiqamətdə müvafiq qərar qəbul edilib.

    İclasda, o cümlədən AMEA-da təhsil alan doktorant və dissertantların ixtisasları üzrə müasir elmi biliklərə yiyələnməsi və ən son elmi nailiyyətlər haqqında məlumatlara malik olması məqsədilə ictimai əsaslarla ixtisas fənnindən mühazirələrin təşkil edilməsi qərara alınıb. Həmçinin AMEA Rəyasət Heyəti aparatının Sənədlərlə iş və protokol şöbəsinin, eləcə də İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Əsasnamələri təsdiq edilib.

    Bundan əlavə, akademik Mirəsədulla Mirqasımovun 140, akademik Ziya Bünyadovun 100, AMEA-nın müxbir üzvü Nuru Bayramovun 60 illik yubileyi haqqında qərarlar qəbul edilib.

    Daha sonra AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin yekdilliklə Qazaxıstan Elmlər Akademiyasının fəxri üzvü seçilməsi barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

    Bununla bağlı AMEA Rəyasət Heyəti adından Qazaxıstan Elmlər Akademiyasına təşəkkür məktubunun ünvanlanacağını söyləyib.

    Akademik İsa Həbibbəyli isə öz növbəsində göstərilən etimada görə, Qazaxıstan Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin və  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı istiqamətində atdığı addımların ölkələrimiz arasında elmi sferada da əlaqələrin genişlənməsinə təkan verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu ilin aprel ayında Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. AMEA rəhbəri sözügedən sənədin Azərbaycan-Qazaxıstan elmi əlaqələrinin inkişafına təkan verdiyini söyləyib.

    Sonra akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə 36-cı iclasında iştirakları haqqında məlumat təqdim olunub.

    İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Qurban Yetirmişli, tarix elmləri doktoru Zemfira Hacıyeva, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, tarix elmləri doktoru Ədalət Qasımov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər