Fövqəladə Hallar Nazirliyi tərəfindən Qəbələ şəhərində təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin qaliblərinin mükafatlandırma mərasimi olub.
Mükafatlandırma mərasimində Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə nümayəndəsi Aleks Haykens, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonra qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.
Nazir yarış qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, builki yarışlarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edib. Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Qırğızıstan, üçüncü yeri isə Qazaxıstan komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası, ikinci yerə Bakı şəhəri 31 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə Şəhid övladlarından ibarət “Gənc Mübarizlər” komandası layiq görülüb.