Doğma Vətənimiz Azərbaycanla qardaş Türkiyə arasında əlaqələrin böyük tarixi var. Kökümüz, dil və din birliyimiz, oxşar mədəniyyət, adət və ənənələrimiz bu əlaqələri şərtləndirən amillərdəndir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Ölkəmizin başçısı cənab İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir.
Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.” Öz tarixlərinin ən mürəkkəb dövrlərində Azərbaycan və Türkiyə bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”-Ümummilli liderin bu fikirləri deyilənlərə böyük sübutdur. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.
Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyə vurğulayıb. İki qardaş ölkə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Eyni zamanda, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etimad var. Bunun gözəl ifadəsi olaraq bir faktı göstərmək olar.
Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Azərbaycan və Türkiyə hər zaman biri-birinin yanındadır. Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində Türkiyə hər zaman Azərbaycana dəstək verirdi. Qardaş ölkənin bizə uzatdığı dost əlini biz də möhkəm sıxdıq. Ürəyi bizimlə döyünən Türkiyənin qətiyyətli dəstəyini bir daha gördük, ürəkdən hiss etdik. Ölüm –dirim savaşının ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Qardaş ölkə həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi .
Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirərək demişdir: “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi”. Bəli, bu mesaj tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək olduğunu göstərən ən böyük amil idi.
Azərbaycan xalqı daim dar gündə də, xoş gündə öz qardaşı ilə bir yerdədir : sevincinə sevinir, kədərinə kədərlənir. Türkiyədə bu ilin fevral ayında baş vermiş , saysız-hesabsız insan itkisi ilə nəticələnən dəhşətli zəlzələ hamımızı kədərləndiridi. Dövlətimiz, xalqımız zəlzələdən zərərçəkən türkiyəli bacı-qardaşlarımıza kömək olmaq üçün faciənin baş verdiyi andan etibarən səfərbər oldu, ölkəmizin bütün bölgələrində yardım kampaniyalarına başlanıldı. Hər kəs bağrından qopan qardaş payı ilə bu yardım kampaniyalarında cani-dildən iştirak edir, Türkiyəyə kömək üçün könüllü oldu .Cənab İlham Əliyev Türkiyəyə dərhal yardım göstərilməsi üçün tapşırıq verdi."Mərkəzi Kahramanmaraş olmaqla qardaş Türkiyənin bir çox yerlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.Prezident İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda ifadə etdiyi kimi, Azərbaycan Türkiyənin sevincini sevinci, kədərini öz kədəri sanır və hər zaman ona dayaq, dəstək, kömək olmağa hazırdır. Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən humanitar yardımlar göstərildi. Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzü ağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir: "Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur"-Mehriban xanım vurğulamışdır.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur.Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir. İlham Əliyev - Rəcəb Tayib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə «qardaşım» deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir.
Böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əminamanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə - kökə malik sarsılmaz qoşa qanadlarıdır. Azərbaycan – Türkiyə Birlik və Həmrəyliyi dostlarımız üçün qürur mənbəyi, mənfur düşmənlərimizə göz dağıdır.
2023-cü ilin mayında Türkiyə Respublikasında keçirilən 13-cü prezident seçkisindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini 12-13 iyun tarixlərində Azərbaycana etməsi ölkəmizin regionda, eləcə də beynəlxalq arenada sərgilədiyi düzgün siyasətin, eyni zamanda, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin qardaş Türkiyə tərəfindən dəstəklənməsi, habelə Prezident İlham Əliyevin beynəlxalq platformalarda icra etdiyi bütün layihələrə birmənalı dəstəyi ilə bağlıdır.
Azərbaycan-Türkiyə birliyi bizə güc, qüvvət verir.Türkiyə ilə olan əzəli tarixi bağlılığımız gündən-günə daha da möhkəmlənir və sarsılmaz olur. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əbədi dostluğumuza yeni-yeni töhfələr verəcəyik.
Ağayev İlham,
E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin direktoru