44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər qələbəsi yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə 2021-ci ilin iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa şəhərində imzalanan Bəyannamə təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq, iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq, ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək, Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək, Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək,
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər: Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər. Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.
İki güclü, müstəqil Türk dövləti arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə daşıyan Bəyannamə təkcə hərbi-siyasi baxımdan icra olunmayıb. Azərbaycanla Türkiyə arasında çox geniş - siyasi, iqtisadi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki əlaqələrin inkişafını hədəfləyən Bəyannaməyə uyğun olaraq bütün bu qeyd edilən istiqamətlər üzrə konkret fəaliyyət ortaya qoyulub. Şuşa Bəyannaməsi bu istiqmətlərdə də əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayıb və diqqət etsək görərik ki, bu sahələrin hər biri üzrə səmərəli fəaliyyət mövcuddur.
Tarixi sənəddə qeyd edildiyi kimi, əsasən Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin kəlamları öz əksini tapıb.
XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Ümummilli Lider Heydər Əliyevin XX əsrin sonlarında ifadə edib qeyd etdiyi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib.
Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Azərbaycan və Türkiyə dost, qardaş, müttəfiq ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. Bu iki qardaş ölkə həmin yaxşı, həm dar gündə bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu qardaş dəstəyi indi davam edir və hər zaman, tarix boyu belə olacaq. Şuşa Bəyannaməsi, bu tarixi sənəd isə Azərbaycan və Türkiyə arasındakı yaxşı münasibətlərin bütün vəziyytərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir və bundan sonra da davam edəcəkdir.
Ən vacib isə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.
Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər məsələləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaqdır.
Azər BAXIŞOV,
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Masallı şəhər ərazi partiya təşkilatının sədri.