Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin tərəfdaşlığı ilə "Regional İnkişafın Dəstəklənməsi” İctimai Birliyinin icra etdiyi “Regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi” layihəsi üzrə distant təlimlər keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd Masallı rayonunda fəaliyyət göstərən KOB-lar arasında iqtisadi biliklərin artırılmasına və sahibkarlıq fəaliyyəti üçün həvəsləndirilməsinə nail olmaqdır.
Layihə çərçivəsində Masallı rayonunda yaşayan və fəaliyyət göstərən 20 sahibkar üçün pandemiya şəraitini nəzərə alaraq noyabr ayında 5 distant təlimin keçirilməsi nəzərdə tutulmuşdur. Bu distant təlimlərin ikisi artıq keçirilmişdir. Ay ərzində növbəti 3 distant təlim keçiriləcəkdir.
Distant təlimlərdə layihə rəhbəri Ələsgər Hüseynov layihə və onun məqsədi, layihənin maliyyə mənbəyi və sahibkarlıq ilə bağlı məlumatları diqqətə çatdırıb.
Layihənin biznes sertifikatlı təlimçisi Rafət Şirəliyev tərəfindən sahibkarlara biznesin təkmilləşdirilməsi, biznes planın yenidən qurulması, bazar araşdırması, marketinq təhlili, risklərin idarə edilməsi, investora müraciət, maliyyə savadlığı və s. mövzularda distant təlimlər keçirilib.
Akif AĞAYEV