Milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı

Milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı
  • Cəmiyyət

  • Yaranmasının 30 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunmuşdur.YAP  hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilmişdir. YAP-ın 30-cu  ildönümü təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Yeni Azərbaycan Partiyası xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvədir.

    Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış,  milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısıdır. YAP  xalqın və dövlətin taleyində mühüm rol oynayan partiyadır. Ötən illərin reallıqları «Heydər Əliyev partiyası»nın kifayət qədər mürəkkəb və çətin şəraitdə ictimai zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.

    YAP-a Ulu Öndər Heydər Əliyev kimi dünya şöhrətli LİDERİN Sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi. Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi ədalətin bərpa olunduğu, haqq savaşımızda qələbə qazandığımız bir vaxtda qeyd edirik.  Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.  Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır.  Bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir.

    Bu reallığı Azərbaycan xalqı görür . 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı. Bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Eyni zamanda,  ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Partiya Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi. Bu gün cəmiyyətdə böyük nüfuza malik olan YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi xalqımızı tam qane edir. YAP-a Cənab İlham Əliyev kimi güclü siyasi Liderin rəhbərlik etməsi partiyanın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir və YAP-ın siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərir. 

    Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. İnanırıq ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var.

    Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”. Biz   Yeni Azərbaycan Partiyasının Sədri, Ulu Öndər Heydər Əliyev siyasi kursunun  sədaqətli davamçısı Prezidentimiz İlham Əliyevlə qürur duyuruq. Qalib ölkənin qalib vətəndaşları kimi uğurlarımızla sevinməyə, öyünməyə haqqımız var.

                       

    İlham Ağayev,
    Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru


    PAYLAŞ:

    Oxşar xəbərlər