Əzizimiz Şirvan müəllim

Əzizimiz Şirvan müəllim
  • Cəmiyyət

  • Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının formalaşmasında, sıralarını gündən-günə genişləndirən YAP Masallı Rayon təşkilatının təməlinin qoyulmasında və fəaliyyətində Şirvan Əbilovun xidmətləri böyükdür. Onun təşkilatçılığı ilə YAP rayon təşkilatı təxminən 9 nəfərlə formalaşmışdısa, bu gün təşkilatımızın sıralarında artıq 11000  nəfərdən çox partiya üzv birləşir. Şirvan müəllimin Ulu Öndər Heydər Əliyevə sonsuz məhəbbəti, Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin əhali arasında təbliğ olunması sahəsində göstərdiyi fəallıq, partiya həyatında yaxından iştirakı partiyamızın nüfuzunun yüksəlməsinə və sıralarının gündən-günə genişlənməsinə səbəb olurdu. Qürur hissi ilə qeyd etmək lazımdır ki, rayon təşkilatımız yarandığı gündən bu günə kimi respublikanın qabaqcıl təşkilatları sırasındadır.

    Şirvan Rəşid oğlu Əbilov 1932-ci il sentyabrın 10-da Masallı rayonunun  Mahmudavar kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1951-ci ildə Boradigah qəsəbə orta məktəbini əla qiymətlərlə bitirmiş, 1951-1956-cı illərdə  Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almış, 1957-1960-cı illərdə Masallı  rayonunun  Qızılavar və Mahmudavar  kəndlərində kolxozun baş aqronomu, 1960-1963-cü illərdə  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin  27 saylı dəstəsinin  rəisi, 1963-1969-cu illərdə Azərbaycan  KP Masallı Rayon Komitəsində təlimatçı və partya  komisiyasının sədri,1969-1979-ci illərdə Masallı Rayon Daxili İşlər Şöbəsində siyasi tərbiyə  işləri üzrə rəis  müavini, (1973-1975-ci illərdə) Bakı Milis Məktəbində (indiki Polis Akademiyası) qiyabi təhsil almış və oranı əla qiymətlərlə bitirmiş, 1979-1988-ci illərdə Cəllabad Rayon Daxili İşlər Şöbəsində pasport bölmə rəisi,1988-1992-ci illərdə Mahmudavar kəndində sovxoz direktoru,1993-2007-ci illərdə YAP Masallı rayon təşkilatının sədri,1993-1999-cu illərdə Boradigah 1 saylı çay fabrikinin direktor müavini, 1999-2007-ci illərdə Masallı Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin sədri vəzifəsində çalışmışdır.

    Şirvan Əbilovun həyat və fəaliyyətinin ən mənalı və məzmunlu dövrü ötən əsrin 90-cı illərin əvvələrindən başlandı. Belə ki, o xalqın ,vətənin taleyini öz taleyinə çevirərək, seyrçi mövqedə durmadı, əsl vətənpərvər kimi  ictimai- siyasi hərəkata qoşuldu. Bu dövrlərdə Vətənimiz Azərbaycanın başının üstünü qara buludlar almış, ölkəmiz çox ağır siyasi-iqtisadi, sosial-mənəvi böhranla üzləşmişdi. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunur, hərbi uğursuzluqlar bir-birini əvəz edirdi. Ölkədə siyasi hakimiyyət uğrunda  mübarizə gərginləşir, müxtəlif siyasi qüvvələr arasında qarşıdurma güclənir, ziddiyətlər dərinləşirdi. Vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. İqtisadiyyatın dağılması nəticəsində respublikada ciddi ərzaq qıtlığı, kütləvi aclıq təhlükəsi yaranmışdı. Ümumiyyətlə, Azərbaycan böyük bir fəlakət və uçurumun kənarında olmaqla, məhv olub dağılmaq ərəfəsində idi. Ölkəni baş alıb  gedən total  hərc-mərclik  və anarxiyadan  xilas etmək  üçün xalqın böyük rəhbərə, dahi şəxsiyyətə, zamanın qəhramanına ehtiyacı var idi. Bu xilaskarlıq missiyasını Böyük  Tanrı,  Ulu Öndər Heydər Əliyevin  taleyinə  yazmışdı, zaman ona möhtac idi, onunla nəfəs alırdı, tarix bu dahi insanın  diqtəsi ilə yaranırdı. Tarixi yalnız kütlələr, xalq deyil, həm də tarixi hadisələrə öz fərdi təsirini göstərən, ona rəhbərlik edən böyük və görkəmli şəxsiyyətlər yaradırlar.

    İngilis filosofu, tarixçisi və publisisti T.Karneyl (1795-1881) yazırdı: “Ümumdünya tarixi, əslində yer üzündə zəhmət çəkmiş böyük insanların tarixidir, onların əməlləri bəşər tarixinin ruhudur... Nə qədər oğul vardır ki, xalqlar onların şöhrəti arxasında dayanıb...” Tarixdə  şəxsiyyətin rolu danılmazdır. Buna bariz  nümunə Heydər Əliyev  idi. Bəhs etdiyimiz dövrdə  xalq böyük fəlakətlərin yaxınlaşdığını hiss edirdi.Ölkənin  uzaqgörə, mütərəqqi qüvvələri, tanınmış şəxsiyyətləri, qabaqcıl adamları, ziyalıları, sadə əmək adamları ardıcıl olaraq Heydər Əliyevə müraciət edir, dəfələrlə onun yanına - qədim Naxçıvana gedib xalqın, ölkənin, dövlətin, vətənin xilası naminə ondan yenidən  böyük siyasətə qayıtmasını xahiş edir, ona çoxsaylı müraciətlər  ünvanlayırdılar. Ulu Öndər o illəri xatırlayaraq sonralar deyirdi: ”Vətənpərvər  insanlar   Azərbaycanı ağır vəziyyətdən çıxartmaq üçün axtarış apararkən  çox vaxt  mənim adım üzərində durur, böyük çətinliklərə baxmayaraq, Naxçıvana gəlir, mənə müraciət edirdilər. Mən onların hamısına dərin təşəkkürümü  bildirirəm” (“İki sahil” qəzeti,10 sentyabr,2002). Heydər Əliyevin yenidən siyasətə qayıtmasını isə  o dövrün  iqtidarı heç cür qəbul etmək istəmir, onlar buna görə ciddi təşviş keçirir, nəyin  bahasına olursa – olsun, hətta fiziki cəhətdən məhv  etmək istəyir, ona qarşı hər cür sui - qəsdlərə, terrora əl atır, əleyhinə güclü təbliğat kampaniyaları aparılırdı. Ölkədə nəinki Heydər Əliyevi açıq müdafiə etmək, hətta haqqında xoş söz demək, adını çəkmək belə böyük cəsarət tələb edirdi. Belə bir çətin və mürəkkəb şəraitdə ölkənin vətənpərvər ziyalılarından biri kimi Şirvan Əbilov doğru –düzgün seçim edərək Azərbaycanın nicatını və xoşbəxtliyini xalqın yeganə və alternativsiz rəhbəri, görkəmli siyasətçi dahi xilaskar Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında görür və bu amalı uğrunda mübarizəyə qoşulur.

    ...19 noyabr 1992-ci il tarixdə Şirvan Əbilov Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmək üçün təyyarə ilə Bakıdan Naxçıvana yola düşən 40 nəfərdən biri, cənub bölgəsindən isə yeganə nümayəndə idi. O, böyük bir hərəkatda, siyasi həyatda ilk uğurlarını qazandı. Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirak etmiş, 550 nəfər nümayəndə arasında çıxış edən 17 nəfərdən biri, Siyasi Şuranın 51-ci, hazırda üzvlərinin sayı 700 mindən çox olan  YAP-ın 71-ci üzvü oldu (Partiya biletinin №-si 000071-dir) (“İki sahil” 5 may 2001-ci il, 8 sentyabr 2007, ”Azad söz ” 15 noyabr 2002. ”Səs” 10 sentyabr 2002 qəzetləri). Ş.Əbilov yaşadığı bölgənin əhalisinin mütləq əksəriyyətinin iradəsini konfransda ifadə  etdi.

    Ş.Əbilovun ömür  yolunu təhlil edərkən, məlum olur ki,onun həyatının ən şərəfli səhifəsi Ulu Öndər Heydər Əliyevlə bağlı anlardır, xüsusilə Naxçıvan səfəri, YAP-ın təsis konfransında iştirakıdır. O dövrdə Naxçıvana gedib Heydər Əliyevlə görüşmək böyük cəsarət, qəhramanlıq tələb edirdi. Ulu Öndər Heydər Əliyev  YAP-nın 10-illiyinə həsr olunmuş yubiley mərasimində partiyanın yaranması ilə əlaqədar keçmiş illəri xatırlayarkən demişdi:”... Beləliklə, o dövrü bu gün burada yada salanda, dünən o sənədləri oxuyanda düşündüm ki, həm bizim partiyanı yaratmağa təşəbbüs göstərənlərin, can atanların, həm də 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransında iştirak edənlərin hamısı həqiqətən vətənpərvər olublar, uzaqgörən olublar. Azərbaycanın aqibəti haqqında düşünüblər, millət, Vətən, xalq haqqında düşünüblər” (“Azərbaycan müəllimi” qəzeti, 29 noyabr-5 dekabr, 2002-ci il).

    Möhtərəm Prezidentimiz İlham Əliyev YAP-ın 15 illik yubileyi ilə əlaqədar mərasimdə həmin illəri bir daha xatırlayaraq demişdi: “O vaxt noyabrın 21-də Naxçıvanda yığışmış insanlar əsl vətənpərvər insanlar, cəsarətli insanlar idi. Çünki o vaxt Azərbaycanda azad söz boğulurdu, Azərbaycanda senzura  tətbiq edilirdi. Başqa fikirdə olan insanlar təqib edilirdi, onlara qarşı fiziki təzyiqlər göstərilirdi, həbs olunurdular. Sərbəst toplaşmaq azadlığı qadağan edilmişdi. O ağır şəraitdə Naxçıvana gəlmək, Heydər Əliyevlə görüşmək belə, böyük qəhrəmanlıq hesab olunurdu. Ancaq bu insanlar, bu cəsarətli və vətənpərvər insanlar öz hərəkətləri ilə əlbəttə ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında  öz rolunu oynamışlar və bütövlükdə Azərbaycanın o bəlalardan qurtarmasında və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində fəal rol oynamışlar. Biz bunları unutmamalıyıq. O insanların fəaliyyətini yüksək qiymətləndirməliyik və bu gün bu, belədir” (“Respublika ”qəzeti 23 noyabr 2007-ci il). “İki sahil”qəzeti 10 sentyabr 2002-ci il tarixli sayında yazılır:” 1992-ci ilin həmin dövründə quş-quşluğu ilə qorxudan Naxçıvana uça bilmirdi ki, Heydər Əliyevə məktub aparır, deyə  göydə vurarlar. Şirvan Əbilov isə AXC–Müsavat hakimiyyətinin təqiblərindən, hədələrindən qorxub-çəkinməyərək Naxçıvana getdi, Heydər Əliyevdən Azərbaycana rəhbərlik etmək üçün Bakıya qayıtmağı xahiş etdi. Onu da deyim ki, Şirvan müəllimi Heydər Əliyevə sevdirən xüsusiyyət onun əqidə bütövlüyü, qorxmazlığı, cəsarətidir... Bu doğrudan da  böyük qəhrəmanlıq idi.

    Naxçıvandan qayıtdıqdan  sonra Şirvan Əbilov  YAP-nın Cənub bölgəsində təşkil olunması işinə başladı. O,ilk növbədə ailə üzvlərini, ən yaxın  qohum-əqrabasını, sədaqətli dostlarını, tanışlarını, qonşularını ətrafına yığıb  yaşadığı kənddə YAP–ın ilk  dayaq dəstəsini, özəyini yaratmaq qərarına gəldi. Ona tezliklə kənd ziyalıları, əmək adamları, sadə insanlar qoşuldular və beləliklə, 28 noyabr 1992-ci il tarixdə Cənub bölgəsində, ilk dəfə yaşadığı Mahmudavar kəndində YAP-ın ilk özəyi, dayaq dəstəsi  yarandı. Qısa müddət ərzində sıralarına  157 nəfər üzv, 335 nəfər təəssübkeş yazıldı (M.Mirzəyev:” Mahmudavar ”, səh. 44-45, B-1997).

    YAP-ın Cənub bölgəsində yaranması prosesi sürətləndi. 26 fevral 1993-cü ildə 165 nəfərin iştirakı ilə YAP Masallı Rayon Təşkilatının  təsis konfransı keçirildi. Konfrans Ş.Əbilovu YAP rayon təşkilatının  təşkilatının  sədri seçdi.

    Şirvan Əbilov 1993-2007-ci ilədək YAP Masallı Rayon Təşkilatının  sədri, YAP Siyasi Şurasının  üzvü olmuş,   partiya və dövlətin  bütün tədbirlərində fəal iştirak etmiş, gərgin, məsul və şərəfli fəaliyyəti layiqincə qiymətləndirilmiş, fəxri fərmanlara, mükafatlara, təşəkkürlərə layiq görülmüş, dəfələrlə  Ulu Öndər Heydər Əliyevlə və möhtərəm prezidentimiz İlham Əliyevlə görüşmüşdür.Hörmətli Prezidentimiz İ.Əliyev hər dəfə Masallıya səfər edəndə onu qarşılayan  birincilər arasında  Şirvan Əbilov  olmuşdur.

    Möhtərəm Prezidentimiz İlham Əliyev 7 sentyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının  ictimai-siyasi həyatında  səmərəli fəaliyyətinə görə Şirvan Əbilova Azərbaycan Respublikasının fərdi təqaüdü  verilməsi haqqında Sərancam imzalamışdır.Bu təqaüd Şirvan Əbilovun əməyinə verilən  ən yüksək qiymətdir.Şirvan  müəllimin ötən illərdəki fəaliyyəti ilə tanış olduqca məlum olur ki,onun mənalı ömrünün ən xoş anları Heydər Əliyevlə bağlı xatirələri siyasi fəaliyyətinin müdriklik çağlarını yaşayan,mübarizədən qorxmayan cəsur bir insanın siyasi nəğməsidir.Ulu öndər Heydər Əliyev YAP-ın yaradılmasında böyük xidmətləri olmuş insanları, xüsusilə Ş.Əbilov kimi veteranları “Partiyanın qızıl fondu” adlandırmış və onlara müraciətlə “Siz fırtınalardan çıxmış adamlarsınız”-demişdi.

    Ümummilli Liderimiz  Heydər Əliyevin bizə əmanəti olan müstəqil  Azərbaycan, bu gün öz tarixinin ən şərəfli günlərini yaşayır! Azərbaycan Ordusu, əsgəri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında dünya düzəninin yeni tarixini yazdı, işğal altında olan Vətən torpaqlarımızın azad olunmasını təkbaşına təmin etdi, xalqımızın, ordumuzun zəfər salnaməsini və yeni reallıq yaratdı! Azərbaycan ən qısa müddətdə Ermənistan üzərində qələbə qazandı. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Azərbaycan bayrağı Qarabağın hər yerində dalğalanır, tarixi ədalət bərpa edildi. Ulu Öndərimizin və bütün şəhidlərimizin ruhu hüzur tapdı.

    İnanıram ki,ölkəmizin ictima-siyasi həyatında, rayonumuzun abadlıq və quruculuq işlərində yaxından iştirak etmiş, həmçinin  gənc nəslin milli mənəvi dəyərlərə, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə olumasında səy və bacarığını əsirgəməmiş Şirvan müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır!

    Seyfəddin  ƏLİYEV,
    YAP Masallı Rayon Təşkilatının sədri.

    PAYLAŞ:

    Oxşar xəbərlər