Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir.
“Bu konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.
Böyük qürur hissi ilə bildirirəm ki, 44 günlük Vətən müharibəmizdə zəfər qazandıq. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bəli fəxrlə demək istəyirəm ki, Konstitusiya layihəsinin ən əsas mahiyyəti olan ölkəmizin ərazi bütövlüyü 44 günlük Vətən müharibəsində təmin olundu.
Bu günlərdə müstəqil dövlətimizin tarixində xüsusi yer tutan mühüm hadisənin - hüquq sisteminin özəyini təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin növbəti ildönümü qeyd olunur. İyirmi yeddi il bundan öncə - 1995-ci il noyabrın 12-də müstəqillik, demokratiya, dünyəvilik kimi dəyərlərin daimi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 27-ci ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi isə bu tarixi daha da əlamətdar edir.
Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya Azərbaycanın müstəqil inkişafının fundamentini təyin edən əsas sənədir. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə bəyan etmişdi.
Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqını 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayıram.
Nəcmiyyə Zeynalzadə,
Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və YAP fəalı