Azərbaycan gəncləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər

Azərbaycan gəncləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər
  • Cəmiyyət

  • Azərbaycan gəncləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

    Azərbaycan Respublikası Gənclər Fondundan LEQAL.AZ-a verilən məlumata görə, müraciətdə deyilir:

    “Möhtərəm cənab Prezident!

    Cənab Ali Baş Komandan!

    Azərbaycanın əzəli torpaqlarının 30 ildir ki, davam edən işğalına son qoyduğunuz, 1 milyon qaçqın və məcburi köçkünümüzün öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığınız üçün Azərbaycan gəncliyi adından Sizə dərin təşəkkürümüzü ifadə edirik. Azərbaycan gəncliyi Sizinlə fəxr edir, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yaradan rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur!

    Bu tarixi qələbə ulu öndərimiz Heydər ƏIiyevin əsasını qoyduğu və son 17 il ərzində Sizin addım-addım həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bu qələbə güclü iqtisadiyyat, müasir ordu quruculuğu, milli həmrəylik və beynəlxalq arenada əldə edilən uğurların nəticəsində mümkün olub. Məhz bu uğurların fonunda yetişən Azərbaycan gəncləri əsgər və zabitlər, iqtisadi fəaliyyətin müxtəlif sahələrində çalışan mütəxəssislər, dövlət qulluqçuları və diplomatlar kimi Ümummilli Liderin nəsihətləri və Sizin tövsiyələrinizə uyğun olaraq bugünkü qələbəmizin reallaşmasına töhfəsini vermək üçün əlindən gələni ediblər. Gənclərə verdiyiniz dəstəyi və yüksək qiyməti daim əziz tutan biz gənclər milli maraqlarımıza sədaqətimiz və fədakar əməyimizlə vətənə olan borcumuzu ödəməkdən şərəf duyuruq.

    Siz axıradək bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etməyə çalışdınız, bunun üçün lazım olan hər şeyi etdiniz. Təəssüf ki, Ermənistan rəhbərliyi bu sülhsevər səylərinizi adekvat qiymətləndirməyə qadir olmadı, ölkəmizə, xalqımıza qarşı yönəldilən işğalçılıq siyasətinə son qoymadı. Amma Sizin yaratdığınız, böyük uzaqgörənliklə silahlandırdığınız Azərbaycan Ordusu komandanlığınız ilə döyüş meydanında düşmənə layiq olduğu cavabı verdi, düşmən acı məğlubiyyətə uğradılaraq, sülhə məcbur edildi.

    Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin ən şanlı tarixlərindən birinə şahidlik edirik. Tarixin heç bir dövründə milli həmrəyliyimiz, xalq coşqusu bu səviyyədə təzahür etməyib. Birliyimiz dəmir yumruq kimidir və bu birmənalı olaraq Sizin adınızla bağlıdır!

    Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq.

    Azərbaycan gəncliyi olaraq, Sizə inamımız tamdır. İnanırıq ki, Sizin rəhbərliyinizlə doğma xalqımız hələ çox uğurlara imza atacaq, Ulu Öndərin dediyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bütün fəaliyyətiniz dövründə olduğu kimi, bundan sonra da bizə həmişə inana, güvənə, arxalana bilərsiniz. Biz də gənclik olaraq, bu inamı doğrultmaq üçün bundan sonra da bütün qüvvə və bacarığımızla, təhsil və qabiliyyətimizlə Sizin sərəncamınızdayıq!

    Biz Sizinlə Güclüyük!

    Qarabağ Azərbaycandır”!
    PAYLAŞ:

    Oxşar xəbərlər