İsa Həbibbəyli: “Azərbaycan tarixi ədaləti bərpa edəcək”

İsa Həbibbəyli: “Azərbaycan tarixi ədaləti bərpa edəcək”
  • Cəmiyyət

  • 40 günə yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. 40 gündür Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda mübarizə aparır. Bu 40 gün ərzində Ali Baş Komandanımız son yüz illər ərzində tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, ədalətli mövqedə olmağımızı, beynəlxalq hüquqa hörmət etdiyimizi, işğala məruz qalmış ölkə olduğumuzu və heç vaxt torpaqlarımızın işğalda qalması ilə razılaşmadığımızı dünya ictimaiyyətinə inandıra bildi. Bir daha sübut etdi ki, bu gün Azərbaycanın gördüyü haqq işinə heç kim iradını bildirə bilmir.

    BMT-nin Təhlükəsizlik Şurasının icra olunmayan 4 qətnaməsinə əsasən Ermənistan silahlı qüvvələri birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməlidir. Çünki Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanır və təşkilatın 27 il həll edə bilmədiyi məsələni təkbaşına həll edir. Bu Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi diplomatik siyasətinin məntiqi nəticəsi, Güclü Azərbaycan Ordusunun uğurları, Rəşadətli əsgərlərimizin qəhrəmanlığının nəticəsidir.

    27 sentyabrdan Böyük Qələbə salnaməsinin tarixi səhifələri yazılır

    Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən Ulu Öndər Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl Lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir.

    Və bu gün Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı döyüşlərdə bərkiyə-bərkiyə, azadlığa yetmək üçün haqq yolunda, Vətən yolunda canından keçərək yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirdi ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq: "Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!".

    İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycan Prezidenti demək olar ki, hər gün özünün rəsmi "Twitter" səhifəsində, yerli və xarici televiziya kanallarına verdiyi müsahibəsində, xalqa mroaciətlərində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verir, Ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırır, öz siyasətində və mövqeyində dönməz olduğunu dönə-dönə bildirir. Dövlətimizin başçısı: "Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda, Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür".

    Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları isə hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Ancaq haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan bu gün 27 il əvvəl itirdiyimiz torpaqların bir hissəsini (təxminən 1/5) cəmi 40 gün ərzində geri qaytarmışıq. 40 günlük müharibə zamanı Ali Baş Komandan, ölkə Prezidentimiz İlham Əliyevin diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgərdərimizin şücaəti nəticəsində mənfur düşmən tapdağından 4 şəhərimiz - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və qəsəbələri, 165-dən artıq kəndi, əhəmiyyətli strateji mövqeləri işğaldan azad edilib. Bu müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Ermənistan ordusu əsgərlərimizin qarşısında aciz qalıb. Məğlub olduqların başa düşüb bütün dünyaya səs salıblar ki, bizə kömək edin. Artıq dünya əvvəlki deyil. Dünya ölkələri Azərbaycanın haqq savaşı apardığının bilir. Bu həm də ölkə Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur Mübariz, igid əsgərlərimizin rəşadəti!

    Düzdür, müharibə hələ davam edir, amma döyüşlərin bundan sonrakı gedişatı artıq texniki və zaman məsələsədir. Mahiyyət fazası bitib - müharibənin də, Qarabağın da taleyi artıq həll olunub. Hər bir prosesin dəyişmə, dönmə, sınma nöqtəsi olur. Həmin nöqtə keçiləndən sonra qarşıda nələrin baş verəcəyi bütün tərəflər üçün aydınlaşır və asanlıqla proqnozlaşdırıla bilir. Qarabağ müharibəsində həmin nöqtə artıq keçilib. İstənilən müharibə bir neçə müstəvidə aparılır ki, onların da arasında ən vacibləri hərbi və diplomatik müstəvilərdir. Azərbaycan əvvəlcədən diplomatik müstəvidə də müharibəyə hazır idi və döyüşürdü də. Amma həmin diplomatik mübarizə köhnə - yəni, sentyabrın 27-nə qədərki "status-kvo" əsasında aparılırdı. Bu gün isə Azərbaycan 40 gün ərzində işğalçı, vandal, terrorçu Ermənistanı darmadağın edib, diz çökdürdü.

    Azərbaycan Prezidenti İlham Əliyev cənabları oktyabrın 20-də xalqa müraciətində də bir daha bildirdi ki, onları diz çökdürmüşük, onlara layiq yerlərini göstərmişik: "Artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığa atırdı, «yenilməz Ermənistan ordusu» barədə miflər yaradırdı. Haradadır bu "yenilməz Ermənistan ordusu?". Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq!".
    Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin proqmatik siyasəti!. Budur, xalqının Prezidenti! Budur Azərbaycan Ordusunun və rəşadətli, xilaskar əsgərlərin şücaəti! Prezident İlham Əliyev müraciətlərində və müsahibələrində də demişdir: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?".

    Tarixi dəyişən 40 gün…

    Göründüyü kimi, cəmi 40 gün bəs etdi ki, Azərbaycan tarixinin son yüzilliklərdəki axını tərsinə çevrilsin və Güney Qafqaz regionunda yeni reallıq bərqərar olsun və bu 40 gün müddətində terrorçu Ermənistanın "status-kvo"nu ürəyində qalsın.

    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində də bildirdi ki, "status-kvo" artıq yoxdur: ""Status-kvo" deyilən məsələ yoxdur. Qurtardı getdi. "Status-kvo" belə olmalıdı, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu. Bax, orda, döyüş meydanında. "Status-kvo" yoxdur. Təmas xətti – yoxdur təmas xətti, yarmışıq onu. 30 ildir qururdular bu təmas xəttini. Özü də bu bölgənin relyefi belədir ki, o, təbii istehkamdır. Biz aşağıdan yuxarı gedirik. Özü də orada beton istehkamlar qurulub – 30 il ərzində! Yarıb keçmişik! Azərbaycan əsgərinin qabağında heç kim heç nə deyə bilməz. Biz bu gün o təmas xəttini darmadağın etdik. Deyirlər, yeni təmas xətti olacaq. Olmayacaq".

    Bəli, hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimiz, həmçinin xalqımızla qürur duyuruq. Artıq Vətən Müharibəsinin 40-cı günüdür. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu deyir: «Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.

    Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!».

    İSA HƏBİBBƏYLİ,
    AMEA-nın birinci vitse-prezidenti, akademik, millət vəkili
    PAYLAŞ:

    Oxşar xəbərlər