2 fevral Azərbaycanda Gənclər Günüdür

2 fevral Azərbaycanda Gənclər Günüdür
  • Cəmiyyət

  • Gənclər ölkəmizin bu günü, gələcəyi, həm də sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha gördük ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, qəhrəman bir nəslin yetişdiyini hər birimiz gördük. Onların hamısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə tezliklə sağalaraq, cəmiyyətdə aktiv olmağı arzulayıram. Tək biz yox, bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən xalqdır və ədalətin bərpası üçün vuruşur. Qeyd edim ki, gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırdılar, sosial şəbəkələrdə, ümumilikdə virtual məkanda, ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər, yürüşlər keçirirdilər. Yüksək təşkilatlanma var idi. Bütün bunlar bir daha göstərdi ki, ötən illər ərzində çox güclü gənclik formalaşıb. Hər bir vətənpərvər, millətini, dövlətini sevən vətəndaş gənclərimizlə fəxr edir və bundan sonra da fəxr edəcəkdir.

    Dövlətimizin inkişafı intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanda gənclərin elm, idman, mədəniyyət və digər sahələrdə irəliləməsi, uğurlar qazanması üçün hər cür şərait yaradılıb. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev gənclərlə olan münasibətini belə qeyd edir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

    Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Ölkə əhalisinin 22,8 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin davamlı və sistemli şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər - 2005-2009-cu illərdə “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illərdə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5 mindən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa imkan qazanıblar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub. Gənclər Fondunun yaradılması ölkənin gənclər siyasətinin mahiyyət etibarilə yeni səhifəsinin başlanğıcıdır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ilin iyulun 2-də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi. Növbəti on ildə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet həyata keçiriləcək. Bu prioritetlər hər bir vətəndaşımızı əhatə etməklə yanaşı, onların həyat səviyyəsinin daha da artmasına, xüsusilə də gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaqdır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətimizin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.

    Gənclər xalqımızın ən böyük və qiymətli sərvətidir. Bizim borcumuz bu sərvəti qorumaqdır. Ümummilli Liderin sözləri ilə desək, “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər”.


    Afəddin Kərimov,
    Masallı rayon Əminli kənd sakini.

    PAYLAŞ:

    Oxşar xəbərlər