Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Belə ki, mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4000 kubsantimetrədək olduqda 5600 manat məbləği dəyişməz olaraq qalır.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 min 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (hazırda 18 min 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 min 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 80 manat ( hazırda bu məbləğ 53 min 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.
Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Parlament həmçinin "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsini də III oxunuşda qəbul ediblər. Dəyişikliklə avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunan rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib. Belə ki, dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.