Prezident İlham Əliyev 7 oktyabr 2021-ci il tarixində İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirdi ki, İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir. İlk öncə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu bizim seçimimiz idi.
Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir.
Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.
Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Hazırda avtomobil və dəmir yolları inşa edilir. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır.
Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, yaşayış binalarının tikintisi layihələri hazırlanır.
İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.
Çimnaz Yusifov,
Masallı rayon Sığdaş kənd sakini