Ucar rayonunda 2-ci Qarabağ müharibəsində şəhid olmuş Həsənov Hüseyn Vahib oğlunun və Məmmədov Kənan Niftalı oğlunun ildönümünə həsr olunmuş “Şəhidlərimiz hər an bizim qəlbimizdədir” adlı anım tədbiri keçirilib.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, Həsənov Hüseyn Vahib oğlunun ildönümünə həsr olunmuş tədbir Ucar rayon ictimaiyyətinin iştirakı ilə rayonun Çiyni kəndində, şəhid Kənan Məmmədovun anım mərasimi rayonun Alpout kəndində yerləşən qəbiristanlıqda şəhidlərin məzarı önündə keçirilib.
Əvvəlcə şəhidlərin məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub. Çiyni və Alpout kənd tam orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.
Qeyd edək ki, şəhid Həsənov Hüseyn 2001-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. Çiyni kənd tam orta məktəbini bitirib. 3 iyul 2019-cu ildə Ucar Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Xidmətinin 1 il 2 ay 24-cü günündə şəhid olub.
Hüseyn Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa və şücaətə görə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Şəhid Kənan Məmmədov 1993-cü ildə Ucar rayonunun Alpout kəndində anadan olub. Leytenant Kənan Məmmədov XTQ-də xidmət edərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıqlar göstərib. Kənan 2020-ci il sentyabr ayının 30-da cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Kənan Məmmədov xidmətdə göstərdiyi fədakarlığa görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!