Masallıda şəhid mayor Anar Novruzova həsr edilən filmin təqdimatı

Masallıda şəhid mayor Anar Novruzova həsr edilən filmin təqdimatı
  • Cəmiyyət / Maraqlı

  • Tovuz döyüşlərinin şəhid mayoru Anar Novruzova həsr edilən filmin təqdimatı olub

    13 iyul 2021-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində sosial məsafə saxlanılmaqla Tovuz döyüşlərinin şəhidi mayor Anar Novruzova həsr edilən «Akula ləqəbli qəhrəman» sənədli filminin təqdimat mərasimi keçirilib.

    Sənədli filmin premyerasında Masallı RİHB-nın məsul işçiləri, ağsaqqal və veteran təşkilatları, şəhid ailələrinin üzvləri, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

    Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    «Cenubunsesi.az» saytının təşəbbüsü ilə keçirilən tədbirin aparıcısı Gülcahan Vəkilzadə qeyd edib ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin juiyyənin 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sınırının Tovuz rayonu yönündə atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 nizami qulluqçusu – general Polad Həşimov, gizir İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

    Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, Abbaslı məhəlləsində anadan olmuşdur. Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq olublar — özü, Sucəddin, Nəfisə, Nurcahan, Gülcahan, Hidayət, Gülşən, Sevanə, Tünzalə və Səbahət.

    1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə vermiş, lakin, sonra Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.

    1999-cu ildə ali hərbi məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlamışdır. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət etmişdir. 2013-cü ilə qədər ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013–2018-ci illərdə Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəmiş və snayper və digər müasir silahlardan istifadə etmişdir. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilmişdir. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona "Akula" ləqəbi verilmişdir.

    2008-ci ilin 4 mart tarixində başlayaraq Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər vəAğdərə istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Bu döyüşlər Dağlıq Qartabağ münaqişəsi tarixinə 2008 Ağdərə toqquşması kimi yazılmışdır. Toqquşmalar zamanı Anar Novruzov Tərtər rayonunun Həsənqaya kəndində kəşfiyyatçı zabit idi və döyüşlərdə iştirak edirdi. İstifadə etdiyi AQS-17 qumbaraatanından atdığı dəqiq atəşlər nəticəsində Ermənistan ordusunun yüksək rütbəli zabitləri məhv edilmişdi. İstifadə etdiyi bu qumbaraatandan atdığı sərrast atışlara görə "AQS-17 silahının atası" adını qazanmışdı.Toqquşmaların nəticəsində başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər şəhid olmuş və qarşı tərəfin 12 əsgəri məhv edilmişdir. Cəbhə xəttində önəmli bir dəyişiklik, strateji mövqelərin, postların təmizlənməsi kimi bir hadisə baş verməmişdir.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Novruzov ölümündən sonra 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edildi. 10-a yaxın medalları var.
    2020-ci ildə Masallı rayonunun Qasımlı kəndindən olan gənc heykəltəraş qardaşlar — Akşin və Müstəqil Balayevlər Anar Novruzovun büstünü hazırlamışlar.

    Aparıcının sözlərindən sonra «Akula ləqəbli qəhrəman» adlı ekran əsəri nümayiş olunub.
    Tamaşadan sonra təqdimat mərasiminə çıxış edən Masallı RİHB-nın müavini Aybəniz Qafarova icra başçısı cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb belə bir təqdirəlayiq filmin yaradıcı kollektivinə uğurlar arzuladı. Rayon rəsmisi «Akula ləqəbli qəhrəman»ın sonrakı vaxtlarda həm Mərkəzdə, həm də rayon məktəblərində nümayişinin təşkil olunmasına tapşırıq verdi.

    Masallı rayon İctimai Şuranın sədri, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev sənədli filmin süjet xəttini önə çəkib, bildirib ki, film gözəl alınıb. Haqqında söz açılan şəhid mayor Anar Novruzov təkcə masallılı kimi yox, Azərbaycanın fəxr etdiyi qəhrəman kimi təqdir olunur. Əlbəttə, bu tarixi film yaxşı olardı ki, məktəblər, məktəblilər arasında yayılsın, şagirdlərin vətənpərvərlik ruhu yüksəlsin. Masallıda olan vətənpərvərlik tərbiyəsi, ələlxüsus icra başçımız Şahin Məmmədovun bu sahədəki fəaliyyəti, yorulmaz işi nümunə göstərilir və bu, bütün masallıları sevindirir.
    Təzə filmin fremyerasında Bakıdan gələn Qarabağ veteranı Firdovsi Xəlilov, Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, şəhid mayor A.Novruzovun qardaşı Sücəddin Novruzov, «Asiya.az» saytının rəhbəri Cəfər Cəfərov və başqaları da söhbət açıb, azad olunmuş torpaqlarımızda quruculuq işləri görüldüyündanışıb, indi bizim vəzifəmiz 44 günlük müharibədəki Qələbəmizi gələcək nəsillərə çatdırmaqdır, dedilər.

    Bildirilib ki, filmdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmancasına döyüşən əsgər və zabitlərimizin ortaya çıxan yeni müsbət cizgiləri, ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.

    Sənədli filmdə, eyni zamanda müharibə dövrünə vəı onun baş qəhrəmanlarından olan Anar Novruzov haqqında xatirələr müsahibələrində də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri-Milli Məclisin deputatları-Məşhur Məmmədov və Professor Anar İsgəndərov, həmçinin Qənirə Paşayeva, İctimai Birliyin sədri Arzu Bağırova, Milli Qərrəman Polad Həşimovun anası Səmayə xanım,qocaman müəllimləri Əfsər məmmədov, səkinə Əsədova, Əlihüseyn Əliyev, ehtiyatda olan zabit Ruhid Rüstəmov, kiçik çavuş, kəşfiyyatçı Təbriz Ağayev, şəhidin doğmaları Cucəddin Novruzov, Bəyverdi Novruzov, Firuzə Novruzova, Tünzalə Novruzova, Könül Qənbərova, Əfrayıl Fərziyev, Əmrah Fərziyev, Güloğlan Bağırov, afaq Məmmədova, Səbinə Məmmədova, Zaur Məmmədov, Rəşad Abdullayev, tanınmış jurnalistlər Zahir Əmənov, Akif Ağayev, Cəfər Cəfərov, şair Nurməmməd Ağa, şairə-publisist Güləmail Murad, qardaşı Sucəddin Novruzov, danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

    Qeyd edək ki, film rəhmətlik Anarın qardaşı Sucəddin müəllimin təşəbbüsü ilə həyata vəsiqə alıb.

    Səkkiz ay vaxt ərzində ərsəyə gələn sənədli filmin ssenari müəllifi və rejissoru Mərhəmət Lələyev, operator və montaj rejissoru Nurşad Bayramov, fotoqrafı Rəşad Fərəcovdur.


    Müəllif: Əlihüseyn ŞÜKÜROV
    PAYLAŞ:

    Oxşar xəbərlər