“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin təsis yığıncağı keçirilib.
Bu barədə LEQAL.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkənin bütün sahələrində genişmiqyaslı islahatlara start verilib, xüsusən milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə böyük ehtiramla yanaşılmaqla dövlət səviyyəsində əhəmiyyətli diqqət və qayğı göstərilib.
Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasətin davamı olaraq, veteran hərəkatı da yeni inkişaf mərhələsinə qədəm qoyub, veteranlara və veteran təşkilatlarına lazımi şərait yaradılmaqla yanaşı, 1994-cü il iyunun 28-də ölkə tarixində ilk dəfə olaraq veteranlara dair dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Heydər Əliyev siyasi və ideoloji kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə veteranlara və pensiyaçılara göstərilən dövlət qayğısı yeni səviyyəyə qalxıb, Veteranlar Təşkilatına müasir standartlara cavab verən inzibati bina ayrılıb, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarı ildən-ilə artırılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən veteran hərəkatının gücləndirilməsinə xüsusi diqqət göstərilməklə veteranların, pensiyaya çıxmış şəxslərin mənzil, məişət və digər problemlərinin həll olunması istiqamətində zəruri tədbirlər görülüb.
Veteranlar təşkilatlarına göstərilən diqqət və qayğının növbəti təzahürü kimi, aprelin 22-də prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin iştirakı ilə müvafiq İctimai Birliyin təsis olunması məqsədilə yığıncaq keçirilib.
İclasdan öncə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə dəvət edilmiş Baş prokurorun müavini Elmar Camalov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərildiyini vurğulamaqla qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsindən yararlanmağın önəmini qeyd edib.
Bu baxımdan prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin ictimai nüfuzundan, cinayətkarlığın profilaktikası və təhlükəsizliyin təminində bilik və bacarıqlarından daha geniş istifadə edilməklə cəmiyyətdə prokurorluğa etimadın daha da artırılması, prokurorluq orqanlarının şərəfli tarixi və müsbət iş təcrübəsinin gənclərə aşılanmasının mühüm əhəmiyyətə malik olduğu bildirilib.
Tədbirdə Azərbaycan Respublikası Prokurorluğunun veteranları Ruslan Hacıyev, Zahid Vəliyev, Rahib Seyidov, Mahir Tağıyev və Elxan Əsgərov çıxış edərək ölkə rəhbərliyinin veteranlara və pensiyaçılara xüsusi diqqət və qayğısını qeyd etməklə prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydasının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiəsində prokurorluqda qulluq keçməyin çox şərəfli və məsuliyyətli olduğunu bildirib, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində İctimai Birliyin təsis edilməsinin vacibliyini vurğulayıblar.
Sonra “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin təsis edilməsi qərara alınıb. Birliyin təsisçiləri tərəfindən hazırlanmış Nizamnamə səsvermə nəticəsində təsdiqlənib, həmçinin İdarə Heyətinin sədri, müavini və üzvləri seçilib.
“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin təsis yığıncağının iştirakçıları adından əminliklə bildirilib ki, təşkilatın üzvləri dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətə birmənalı dəstək olmaqla ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində zəruri kömək göstərəcəklər.