Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı, keçmişin müəyyən dönəmlərində imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalsa da, azadlıq ruhunu heç vaxt itirməmişdir. XIX əsrin sonları və XX əsrin əvvəllərində ölkədə yaşanan güclü mədəni intibah, dünyada siyasi nizamın yenidən qurulduğu bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətin yaranmasını şərtləndirdi. Beləliklə, 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə xalqımız öz müstəqilliyini bütün dünyaya bəyan etdi.
Gənc cümhuriyyət üzərinə düşən çətin və şərəfli tarixi missiyanı imkanlarının ən son həddində çalışaraq uğurla yerinə yetirdi. Qısa müddətdə ölkənin ilk Parlamenti, Hökuməti və çevik dövlət aparatı formalaşdırıldı; sərhədlər müəyyən olundu, dövlət rəmzləri — bayraq, himn və gerb yaradıldı. Ana dilinin dövlət dili elan edilməsi milli kimliyin qorunmasında mühüm addım oldu. Eyni zamanda ərazi bütövlüyünün təmini üçün yüksək döyüş qabiliyyətli ordu yaradıldı, maarifçilik hərəkatına xüsusi önəm verilərək ilk milli universitet təsis olundu və təhsil tamamilə milliləşdirildi.
Mövcudluğunun ilk günündən xalq hakimiyyəti prinsipinə sadiq qalan cümhuriyyət, bütün vətəndaşlara bərabər hüquqlar tanıyaraq irqi, milli, dini və sinfi ayrı-seçkiliyi tamamilə ortadan qaldırdı. Parlamentin qəbul etdiyi qanunlar ölkənin siyasi, iqtisadi və mədəni inkişafına güclü təkan verdi. Xarici təcavüz nəticəsində süquta uğrasa da, cümhuriyyətin xalqımızın şüuruna həkk etdiyi azadlıq ideyası heç vaxt sönmədi.
Xalqımız ötən dövr ərzində milli atributlarını və dövlətçilik yaddaşını qorumağı bacardı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli mənlik şüuru yenidən oyandı, azərbaycançılıq məfkurəsi gücləndi və gələcək müstəqilliyin möhkəm təməli qoyuldu. 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini və himnini qürurla qəbul etdi.
Bu gün bu müqəddəs irs Prezident cənab İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır. Cümhuriyyət qurucularının arzusu və Ulu Öndərin vəsiyyəti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordu strategiyası və sarsılmaz xalq-iqtidar birliyi sayəsində reallığa çevrildi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, tarixin ən güclü və qalib dövlətinə çevrildi. Xankəndidə, Şuşada və digər azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız, birinci cümhuriyyətin ideallarının bu gün tam mənası ilə zəfər çaldığının ən bariz sübutudur.
Məhz bu səbəbdən 28 May - Müstəqillik Günü şanlı tariximizin sadəcə başlanğıc nöqtəsi deyil, həm də hər bir azərbaycanlının tükənməz qürur mənbəyinə çevrilən əbədi bir zəfər simvoludur.

Afəddin Kərimov,
YAP Masallı rayon təşkilatının fəal üzvü