Aprelin 5-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə "Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərəvtidir" mövzusunda vebinar keçirilir.
LEQAL.AZ xəbər verir ki, vebinar Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında "2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi ilə əlaqədar tədbirlər çərçivəsində təşkil edilib.
Tədbiri salamlama sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Nizami Gəncəvi İli”nin elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün çox önəmli hadisəyə çevrildiyini, eyni zamanda klassik ədəbi irsimizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqətin və ardıcıl məqsədyönlü siyasətin növbəti nümunəsi olduğunu bildirib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək, ərazi bütövlyümüzü bərpa etməsi və yüz münlərlə insanlarımıza öz dədə-baba torpaqlarına qayıtmaq imkanı yaradılması, eyni zamanda tarixi və mədəni abidələrimizi düşmən əsarətindən xilas etməsi parlaq qələbə kimi dövlətçilik tariximizə əbədi yazılıb. Xilaskarlıq missiyasını şərəflə yerinə yetirən və tarixi ədaləti bərpa edən ordumuz Ermənistanın işğalçı ordusunu darmadağın edərək, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaətini, gücünü və dönməz iradəsini bütün dünyaya nümayiş etdirdi və yeni tariximizin ən parlaq zəfər salnaməsini yazmaqla xalqımıza sonsuz qürur və sevinc anları bəxş etdi, qalib millət duyğularını yaşatdı!
K.İmanov Prezident İlham Əliyevin qətiyyəti və diplomatiya istedadı sayəsində qazanılmış bu möhtəşəm tarixi qələbəyə görə ona hədsiz minnətdarlığını bildirərək, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini dövlətimiz tərəfindən tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsi kimi hər birimizin ürəyindən xəbər verdiyini vurğulayıb.
Agentliyin rəhbəri bildirib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir. Dahi şairin sönməz yadigarına uyğun olaraq, onu yalnız söz ustası kimi tanımaq ədalətsiz olardı. Dünya ədəbiyyatının 5 ən görkəmli dahi şairi sırasına daxil edilən böyük Nizami gözəl elmşünas və alim idi, dünyanın ozamankı təbiət elmləri, riyaziyyat və humanitaristika nailiyyətlərini bədii, şeir dilində dərk etmiş və açıqlamış şəxsiyyət idi. Nizaminin bilikləri zamanına uyğun olan ən yüksək təbiətşünaslıq və həndəsə, kosmologiya və musiqişünaslıq, psixologiya və etnoqrafiya, dərin ilahiyyat nümunələri idi.
K.İmanov çıxışında Nizaminin “Sirlər xəzinəsi”nin “Peyğəmbərin meracı” fəslində meracı (ucalmanı) nə cür bilik və ustalıqla Bibliyadakı Yusifin quyuya enməsi ilə müqayisə etməsinə toxunub. Bu, eniş – ucalmaq əlamətdar hadisədir, ona görə ki, qəhrəmanın yolu ilə ulduzları müşahidə etmək, eyni zamanda dahi şairin zəngin təbii – elmi və dini bilikləri haqqında öyrənmək imkanını əldə edirik.
Bu səma marşrutunda əvvəlcə söhbət sahibsiz kəhər haqqında gedir. Bu, Peqas bürcüdür, sonra Zodiak bütövlükdə təsvir olunur, özü də onda yalnız bir bürc iştirak etmir – Qoç bürcü (21 mart-20 aprel). Bunun səbəbi ondadır ki, Nizaminin işlətdiyi metaforaya uyğun olaraq, Qoç bürcü, ilk növbədə Həzrəti Məhəmməd peyğəmbərin özüdür, həmçinin qiyamət günündə bu ulduz Xristos, müqəddəs peyğəmbər İsa kimi çıxış edir. Bu ulduzun belə yüksək rolu onunla bağlıdır ki, onda yaz bərabərliyi nöqtəsi yerləşir. “Qoç”un yanındakı isə “Buğa”dır. Yunan əlifbasının ilk “α” (Alfa) hərfi bir sıra müşahidələrə əsasən, yüklənmiş Buğanı xatırladır, son hərfi “Ω” (Omeqa) isə Qoç bürcünü (Fikirləşin: “Alfa” və “Omeqa” söz birləşməsi, kəlamı burada nə cür ustalıqla işlənir).
Nizaminin poemasında Peyğəmbərin meracı (ucalması) qaydası söylədiyimiz kimidir və quyunun yerini göstərən isə “Dolça” bürcüdür (21 yanvar-19 fevral).
K.İmanov: “Deyə bilmərəm, ancaq ola bilər ki, Dolçanın bir bürc kimi forması quyu göyərçinin tikintisini xatırladır. Məşhur rəvayətlərə görə, bu göyərçin “Qoçu” qurban qismində Kiti və Eridan çayını xarakterizə edən Su bürclərinə aparmalı idi. Nə üçün hadisə məhz burada baş verir? Məsələ burasındadır ki, “Balıqlar” bürcündən (20 fevral-20 mart) “Qoç” (21 mart-20 aprel) bürcünə keçid zamanı günün uzunluğu artmağa başlayır, nəhayət bərabərləşir və martın üçüncü dekadasında gün gecədən uzun olur. Rəvayətə görə, bu, qurban verilmiş “Qoçun” hesabına baş verir, həmin bürc isə 40 gündən sonra (40 rəqəminə fikir verin) yenidən çıxmaq üçün nəzərdən itir. Yeri gəlmişkən, rəvayətə görə, Bibliyadakı İon Peyğəmbəri 40 günlüyə udmuş Balina bürcü də burada onun yanındadır, belə nəticə hasil olur ki, Bibliyadakı Yusif və İon Peyğəmbər də qurban verilmiş Qoç bürcünün rəmzləridir.”
Beləliklə, Məhəmmədin meracı və Xristosun çarmıxa çəkilməsi məhz yaz vaxtında baş verir. Nəhayət, Dolça bürcündə su qabının dar boğazı yerləşir. Beləliklə, meracın yüksəlişi quyunun enişi ilə bu cür bağlanır.
Agentliyin rəhbəri bildirib ki, məşhur rus filosofu Kedrovun nöqteyi-nəzərincə, Nizami insan tarixinin çox az şəxsiyyətlərindən biridir ki, dünyanın bütün yazılarından - nəşrlərindən xəbəri olmuş və onları özününkü edərək, yeni fikirlərə yol açıb.
Daha sonra K.İmanov Nizaminin dahi bilikləri ilə bağlı “Yeddi gözəl” poemasından bir misala toxunub. “Həft Peykər”, fars dilindən tərcümə olunan bu əsər “Yeddi portret” və ya “Yeddi hekayə” mənasını da daşıyır. Poemanın adındakı çoxmənalılıq öz-özlüyündə metaforik xüsusiyyətinin nümayişidir. Deməli, “Yeddi gözəl”, “yeddi portret-cizgi” və digər tərəfdən “yeddi hekayə” deməkdir.
Bu növ söz oyunu Nizami tərəfindən poemaya verilən adda düşünülmüş addımdır, çünki poema “Yeddi günbəz” kimi də tanınır. Məsələ ondadır ki, islam kosmologiyasında Yer kürəsi 7 planetin – Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter və Saturnun mərkəzində yerləşirdi, sadalanan “planetlər isə Tanrının hökmlərini həyata keçirənlər” kimi qəbul edilirdi. Bunların hərəkəti istər canlılara, istərsə də Yer kürəsindəki hadisələrə təsirli idi.
Dahi şair inanırdı ki, bəşəriyyətin birliyi, dünyanın tamlığı say (cəbr), həndəsə və musiqi ilə bağlıdır: rəqəmlər isə kainatın qarşılıqlı əlaqəsindəki açarlardır, rəqəmlər vasitəsilə çoxluq birliyə, ziddiyyətlər isə harmoniyaya çevrilir. Odur ki, Nizami “yeddi” rəqəmini, yəni şərqdə xüsusi qüvvəyə malik olan ədədi istifadə edərək, bu rəqəmin mükəmməlliyini dünya mükəmməlliyinə yönəldirdi. Elə bu səbəbdən araşdırmaçıların böyük qismi poemanı astrologiyanın şeirli traktatı qismində təsəvvür edir.
Poemanın qəhrəmanı Bəhram hakimiyyətə gəldiyi andan seçdiyi hər bir gözəllə evlənərək, yeddi möhtəşəm saray tikmək qərarına gəlir və memarın məsləhətinə görə, hər birini müvafiq rəngə boyatdırır. Bəli, “yeddi gözəl”, yeddi saray, yeddi rəngdə olaraq, qeyd etdiyimiz yeddi planetdən hər biri tərəfindən idarə olunur və həftənin yeddi günündən birini şah buna həsr edir.
Beləliklə, “Yeddi gözəl” də böyük məna daşıyır: bir tərəfdən qədim islam – kosmoloji ənənəyə əsaslanır, digər tərəfdən “yeddi hekayə”, “yeddi portret-cizgi” mənasında işlənilir və bununla islam dinində müqəddəs qəbul olunan ilk mükəmməl rəqəmdən yeddi rəqəmindən bəhs edir.
Budur, dahi şairimizin mövcud biliklərindən tamamilə yeni biliklərin yaradılması, budur onun unikal müəlliflik hüququ.
K.İmanov şairin yaradıcılığı yalnız gözəl şeir misraları və mətnləri deyil, məşhur şərqşünas alim-Bertelsin dediyi kimi, dərin bilik və çoxmənalılıq nümayişi olduğunu bildirərək, Qədim Misir mifologiyası ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb: “Eramızdan 3 min il əvvəl yaranan “Ölülər kitabı”nda yuxarıda qeyd etdiyimiz Qoç bürcü (21 mart – 20 aprel) misirlilərin ən sevimli tanrısı, ölümündən sonra dirilən Asar / Azer-i (yunanca Osiris) təsvir edir: “Oyanıb durur Asar və yaşıllaşır tarlalar”. Yəni Asar təbiətin oyanışının simvolu idi. Həmçinin Asar gecəni, qaranlığı fəth edən, oyanan Günəşin də rəmzi idi. Yəni Asar “yeraltı dünyanın tanrısı” və nəhayət, “Günəş tanrısı” idi.
Misirlilərin inanclarına görə, öləndən sonra dirilib həyata Asar kimi qayıtmaq üçün Asarın yolunu keçmək lazım idi və bu isə “Ölülər kitabı”ndakı tapmaca şəklində göstərilən təlimatların yerinə yetirilməsi ilə bağlı idi. Həmin yol Misir mifologiyasında dönə-dönə təkrarlanan, Qafqaz dağlarının ən doğu nöqtəsi Bakhau (Bakı-ya) aparmalı idi. Çünki Bakı “odlar diyarı”, “dirçələn günəşin dağı”, “doğan günəş şəhəri”, bir sözlə, “Gate on the Lord of the East” – “Gecədən sonra oyanan Şərqin hökmdarının qapısı” kimi tanınırdı. Bu səbəbdən yaşadığımız torpağı qədim misirlilər “Aker” (“Ağ yer”), “Günəşin işıqlandırdığı ilk yer” simasında qələmə verərək, Günəşin xidmətində olan əcdadlarımızı “bakanlar”, həmin torpaqlarda yaşayanları isə “Azər qəbiləsi” adlandırmışdılar.
Həqiqətən, qaranlıq dövrünün zirvəsi olan Oxatan (23 noyabr – 21 dekabr) yaşayıb, 3 gün ərzində illik böhran dövründən çıxaraq, yəni sutkanın gecə ilə müqayisədə ən qısa günlərini geridə qoyaraq, Günəş – Asar oyanmağa, təbiət isə dirçəlməyə başlayır. Misir mifologiyasında bu dövr “Sekhmet” tanrıçası, odun, alovun qoruyucusu dövrüdür.
Nəhayət, Asar dövründə (Qoç bürcü: 21 mart – 30 aprel) tam oyanaraq, sutkanın işıqlı vaxtı qaranlıq vaxtını üstələməyə başlayır.
Qeyd edək ki, qədim misirlilərin inanclarına görə, Asar tanrının müqəddəs heyvanı – Buğa, Sekhmet tanrıçasının isə “Şir dişi”dir.”
Çıxışına davam edən K.İmanov vurğulayıb ki, Qız qalasının qədim mənbələrdəki adı “Xunsar” (Xun-Asar), yəni Gün Asar, Gün Azer-dir. Onun bu torpaqda inşa edilməsinin böyük mənası var idi. Qafqazın ən şərq nöqtəsində yerləşən bu məbəd Günəşin oyanmasına xidmət etməli idi. Məsələ ondadır ki, Qafqaz bərzəxi ekvator müstəvisi ilə 23,5 dərəcəlik bucaq yaradır. Bu bucaq da planetimizin oxu ilə səma qütbü xəttinin arasındakı bucağa bərabərdir. Buna görə də ilin ən qısa və əz uzun günündə Günəş Xəzər üzərində çıxaraq Azov dənizində batır. Qədim Misir mifologiyasında Qafqaz torpaqları şir kimi təsvir edilən iki Allahın diyarı sayılırdı. Həmin şirlərdən biri səhər Tanrısı “Bakhau”da, digəri qürub Tanrısı Tamanda (Ta-Manu) qərar tutmuşdu. Digər tərəfdən İçərişəhərin Qoşa qala qapısında əksini tapmış heraldikada “iki kiçik dairə (gün və ay, yəni gündüz-gecə) Buğa başını (Aser torpağını, qalasını) qoruyan şirlər” böyük məna daşıyır. Belə ki, “ölən və dirilən tanrı Asarın simvolu olan Buğa gecə və gündüz yer atəşini, od-alovu təsvir edən və Günəş tanrısını, Asarı qoruyan şirlər vasitəsilə mühafizə olunur”.
Agentliyin rəhbəri söylədiklərinin XX əsrdə əldə olunmuş elmi biliklər olduğunu qeyd edərək bildirib: “Məşhur misirşünas F.Petrinin Misirlə bağlı tədqiqatları – “Ölülər kitabının başlanğıcı” (1926-cı il), görkəmli alim R.Fessendenin “Qafqaz bərzəxinin batmış sivilizasiyası” (1923-1927-ci illər) əsərləri XX əsrdə əldə olunmuş elmin son sözüdür. Sadalananların bir mənası var – Nizami biliklərinin dərya qədər sonsuz olmasıdır, 9 əsr öncəki açıqlamalarının müasir elmlə ayaqlaşması, onlarla birgə səslənməsidir. Budur, dahi elmşünas şairimizin dövlət varidatı elan edilən və qorunan əqli mülkiyyəti.”
K.İmanov dahi şairi doğma torpağından və millətindən ayırmağa çalışanların da olduğunu vurğulayaraq onların sırasında “Ermənistan səsi”nin jurnalisti Aris Kazinyan xüsusi yer tutduğunu deyib: “Erməni müəllifinin dərc etdiyi “Poliqon Azərbaycan” (kitab I, “Millət”, Ключ-S nəşriyyatı, M., 2015), demək mümkünsə, əsərində bir yalan və uydurma digərlərinin üzərində qurulur.
“Müəllif” məqsədini qısa ön sözündə əks etdirmişdir, yəni kitabda (sitat) “Orta əsr fars şairi Nizami Gəncəvinin Azərbaycan şairinə çevrilməsi nümunəsində Azərbaycan millətinin ötən əsrdə modelləşməsi barədə danışılır” və bununla “Qarabağ problemi araşdırılır”. Qısaca desəm, həmin şəxsin tezislərinə əsasən, guya Nizaminin Azərbaycan şairi olmaması (saxtakarlıq yolu ilə elan edilməsi) Azərbaycan millətinin Sovet dövründə süni, direktiv şəkildə yaradılması və Qarabağın Azərbaycan torpağı olmaması bir-birinə bənzər zəncirvari proseslərdir.”
Nizaminin azəri türkü olduğunu bildirən K.İmanov bunu şairin dili ilə – “Yeddi gözəl”in tərcüməsindən olan sözlərlə ifadə edib: “Bu Həbəşdə mənim türkçülüyümü dəyərləndirmirlər”... və digər bir tərcümədə Nizami “almaz türkçülüyü”ndən söhbət açır. Odur ki, tanınmış şərqşünas alim Bertelsin qənaəti belədir: “söhbət təkcə şairin ərazi mənsubiyyətindən yox, ilk növbədə Nizami yaradıcılığının ruhunun Azərbaycanla dərin bağlılığından gedir”.
Bildirilib ki, belə yazılar oxucuları qəsdən yanıldan “əsər”, müəllifin özünü isə qəsdən yalan danışan millətçi kimi təsnif edir. Bəllidir ki, “bəziləri qəsdən yalan səpir, bəziləri isə aldanaraq yalan yayır”. Söylədiklərim məhz bu yalançı opusla tanış olaraq aldana bilənlərə ünvanlanıb. Çünki burada savadı olmayan şəxs çirkin yalanları ilə millətimizin ləyaqətini alçaltmaq cəhdi göstərmək niyyətindədir.
Agentliyin rəhbəri vurğulayıb: “Dediklərimizi millətçi və fitnəkar Kazinyan 44 günlük müzəffər qələbəmizdən öncə yazmışdı. Bəs indi nə yazır? Fitnəkar və saxtakar elə öz vəzifəsində qalır”. Baxın onun “Teleqramda” 14 noyabr 2020-ci il tarixli – “Dünya müharibəsi qarşısında” adlı yazısına.
“Regiondakı vəziyyət bir neçə qonşu dövlətlər arasında bölünmüş Erməni yaylağı ərazisini qlobal müharibənin başlanması üçün zəruri şərtlər yaradıb və öncədəki məkanına çevirib”. Fikir verin, bir cümlədə nə qədər yalan və saxtakarlıq yerləşdirilib. Fitnəkarın dediklərini davam edirəm:
“Bu miqyaslı müharibənin qarşısının alınmasında yeganə imkan Üçlüyün Bəyanatını etibarsız elan etməkdir”, yəni qüvvədən salmaqdır.
“Əgər Rusiya öz ərazi bütövlüyünü qoruyub saxlamaqda və qlobal qarşıdurmanın risklərini minimallaşdırmaqda həqiqətən maraqlıdırsa, onda o [Rusiya] təcili qaydada bu çox təhlükəli sənədin aradan qaldırılmasına təşəbbüs irəli sürməlidir.
Əgər Rusiya Prezidentinin öz xalqının taleyi qarşısında, məhz xalqının və dövlətinin taleyindən söhbət gedir, məsuliyyət hissi varsa, onun borcu – öz imzasını geri almaqdır”. Bu bədnam yazan həşərat haqqında, əslində, qeyri-normativ leksika işlənilməlidir.
Məsləhət verdiyi Rusiyanın Prezidenti Vladimir Putinin bildirdiyi kimi, “Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ölkə üçün \intihar olar”.
K.İmanov Prezident İlham Əliyevin sözlərini xatırladıb: “Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə”. Cənab Prezidentin digər açıqlamasında isə qeyd edilib: “Bundan sonra, əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, 44 günlük müharibə onun yanında yalan olacaq”. Bir sözlə, “dəmir yumruğumuz” keşikdədir.
Sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov çıxış edib./azərtac