Fevralın 26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər keçirilib.
Təhsil Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, nazirliyin “Xocalı soyqırımının 29-cu ildönümünün keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.
Tədbirlər Planına uyğun olaraq, bu gün həmçinin karantin rejiminin tələbləri nəzərə alınmaqla ümumi təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan onlayn tədbirlərin keçirilməsi, “Xocalı faciəsi” mövzusunda virtual rəsm müsabiqəsi və sərgilərin təşkili də nəzərdə tutulub.
Xatırladaq ki, ənənəvi olaraq, “Azərbaycan dili (tədris dili)”, “Azərbaycan dili (dövlət dili)”, “Ədəbiyyat”, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin dərsliklərinə Xocalı faciəsi ilə bağlı mövzular daxil edilib.