Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə onlayn təlim keçirilib. Təlim Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün “Etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması” mövzusuna həsr edilib.
Bu barədə LEQAL.AZ-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) məlumat verilib. Bildirilib ki, təlim DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli tərəfindən keçirilib. R.Rəhimli çıxışında xidməti vəzifələrinin icrası zamanı dövlət qulluqçularından gözlənilən və tələb edilən davranış qaydalarından, dövlət qulluqçusu statusuna malik bütün şəxslərin xidməti davranışının həmin standartlara və prinsiplərə əsaslanmalı olduğunu qeyd edib.
Məruzəçi dövrümüzdə bir sıra peşələrdə riayət edilməsi vacib olan əsas etik dəyərlərdən danışıb, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədləri, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanunlarda etik məsələlərə aid müddəaları təlim iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, etimadın yüksəldilməsi, səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, o cümlədən dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, etik davranış qaydalarına riayət olunmasına nəzarət və s. məsələlər barədə ətraflı məlumat verib.