Bakı Şəhəri üzrə Təhsil İdarəsi Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib
  • Təhsil

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

    Bu barədə LEQAL.AZ-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Beynəlxalq Ana Dili Gününün hər kəs üçün vacib və əhəmiyyətli bir gün olduğunu söyləyib. Qeyd edib ki, dil hər bir millətin mənəvi irsini yaşadan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

    M.Vəliyeva Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və tarixi kökləri barədə danışıb, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin hər kəsin mənəvi borcu olduğunu diqqətə çatdırıb.

    Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Xalq artistləri Nurəddin Mehdixanlı və Ofeliya Sənani bu günün əhəmiyyətindən, ana dilinin keşiyində durub tərəqqisi üçün çalışmağın vacibliyindən bəhs ediblər. Şagirdlərə ana dilini sevdirən müəllimlərin zəhmətini yüksək dəyərləndirən qonaqlar məktəblərin fəaliyyətinə hər zaman ictimai dəstək verməyə hazır olduqlarını bildiriblər.

    Görüşdə şagirdlər ana dili haqqında şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.




    PAYLAŞ:

    Oxşar xəbərlər