“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Mirzə Xosrov Axundzadə

“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Mirzə Xosrov Axundzadə
  • Təhsil

  • Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

    Nazirlikdən LEQAL.AZ-a bildirilib ki, layihənin növbəti siması həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri, görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir. O, 1889-cu il iyul ayının 13-də Şuşada anadan olub. 1906-cı ildən 1913-cü ilə qədər Şuşada "Nəşr-maarif cəmiyyəti", 1913-1917-ci illərdə şəhər məktəbində müəllimlik edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə məktəblərin milliləşdirilməsinin fəal iştirakçısı olub və anadilli təhsili təbliğ edib. 1920-ci ildə Şuşada təşkil edilmiş "Nərimaniyyə" və "Haşimiyyə" məktəbləri əhalinin maariflənməsində müstəsna rol oynayıb. Xosrov Axundzadə də bu məktəblərdə çalışırdı. O, 1928-ci ildə dərs demək üçün Xocavənd rayonuna göndərilib. 1932-ci ildə yenidən Şuşaya qayıdan Xosrov Axundzadə müəllimliyini burada davam etdirməklə yanaşı, eyni zamanda, savadsızlığın ləğvi hərəkatında fəal iştirak edib. Həmçinin 1935-ci ildən başlayaraq Şuşa şəhər kütləvi kitabxanasının müdiri kimi geniş maarifləndirici iş aparıb. Şuşa şəhər 7 illik məktəbin ibtidai sinif müəllimi Xosrov Axundzadə məktəbə ilk dəfə gəlmiş uşaqların təlimi üzərində böyük əmək sərf edib. O, 50 illik pedaqoji fəaliyyəti dövründə öyrədə-öyrədə özü də öyrənirdi.

    Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbəsinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər