Dövlət İmtahan Mərkəzinin (DİM) doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə keçirdiyi elektron sınaq imtahanında 174 nəfər iştirak edib.
Bu barədə LEQAL.AZ-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlərin doktoranturaya xarici dil üzrə qəbul imtahanından əvvəl öz bilik səviyyələrini yoxlamalarına imkan yaratmaq məqsədi daşıyan sınaq imtahanı doktoranturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilib və 2 saat 30 dəqiqə davam edib (dinləyib-anlama, oxuyub-anlama və dildən istifadə (leksik-qrammatik tapşırıqlar) bloklarından ibarət test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazısına 1 saat vaxt ayrılıb).
Qəbul imtahanında olduğu kimi, sınaq imtahanında da namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazıblar. Xatırladaq ki, test blokları (oxuyub-anlama, dinləyib-anlama və dildən istifadə blokları) üzrə imtahan nəticələri iştirakçılara noyabrın 20-də, imtahan yekunlaşdıqdan dərhal sonra arayış formasında təqdim olunub. İmtahan iştirakçılarının sınaq imtahanının yazı blokunda yazdıqları esseyə verilən qiymətlər yazıların markerlər tərəfindən yoxlanılıb-qiymətləndirilməsi başa çatdıqdan sonra – noyabrın 27-də DİM-in internet saytında yerləşdirilib.
Qeyd edək ki, esse yazısı maksimum 10 balla qiymətləndirilir. İki və daha artıq balla qiymətləndirilən esselər məqbul hesab olunur.
Sınaq imtahanında iştirak edən 174 nəfərdən 83-ü (47,7 faizi), o cümlədən ingilis dilindən imtahan verən 167 nəfərdən 81-i (48,5 faizi), fransız dilindən imtahan verən 4 nəfərdən 1-i (25 faizi), alman dilindən imtahan verən 3 nəfərdən 1-i (33,3 faizi) bütün bloklar üzrə tələbləri ödəyərək, 25 (50 faiz və daha yüksək nəticə göstərib. Ən yüksək bal toplanılması mümkün olan 50 baldan 46 (92 faizə), ən aşağı bal isə 4 (8 faizə) olub. Test blokları üzrə ən yüksək göstərici mümkün 40 baldan 38 (95 faiz), esse bloku üzrə isə mümkün 10 baldan 8,5 (85 faiz) olub. Təəssüf ki, test bloklarından 23-24,5 intervalında bal toplamış 13 nəfər və 25-34 intervalında bal toplamış 11 nəfər esse yazısından tələb olunan minimal 2 balı belə əldə edə bilməyib. Ümumilikdə 59 nəfər (33,9 faiz) esse yazısından 2-dən aşağı nəticə göstərib, o cümlədən 47 nəfər (27 faiz) “sıfır” alıb.
Ümumilikdə 39 nəfər (22,4 faiz) yazı bloku üzrə 5 və ya daha yüksək bal əldə edərək 50 faiz və ya daha yuxarı nəticə göstərə bilib. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazıb, bəziləri mövzudan kənara çıxıb, bəziləri esseni yazmaqdan imtina edib, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıblar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər. Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, zəif tərəflərinə daha çox diqqət yönəltmələrinə, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır.
Xatırladırıq ki, namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün qəbul imtahanında da sınaq imtahanında olduğu kimi aşağıdakı bloklar təqdim ediləcək:
1. Dinləyib-anlama bloku;
2. Oxuyub-anlama bloku;
3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);
4. Yazı bloku (esse yazısı).
Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok, o cümlədən esse üzrə əldə edilməsi mümkün olan balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılır.
Qəbul imtahanında da sualların cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.
Bir daha xatırladırıq ki, doktoranturaya və dissertanturaya qəbul imtahanı ilə bağlı DİM-in internet saytında dəfələrlə geniş məlumat verilib. Doktoranturaya qəbul üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən qəbul imtahanı proqramları DİM-in saytında yerləşdirilib. Həmçinin xarici dillər üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblər DİM-in saytında verilib.
İndi isə imtahanın yazı bloku (esse yazısı) barəsində bəzi məlumat və tövsiyələri, yoxlanılıb-qiymətləndirilməsi nəzərdə tutulan bacarıqları namizədlərin diqqətinə bir daha çatdırırıq.
Qəbul imtahanında namizədlərin “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nin (CEFR) B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılacaqd:
- Yazının məzmunu, əhatəliliyi və həcmi;
- Yazının məntiqi strukturu;
- Nitqin rabitəliliyi və tamlığı;
- Qrammatik minimumdan düzgün istifadə;
- Lüğət ehtiyatının zənginliyi və səlisliyi;
- Yazı savadı.
Artıq məlumat verdiyimiz kimi, yazı bloku bir tapşırıqdan ibarətdir: verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və nəticədən ibarət olan essenin yazılması.
Hər bir yazı işi azı iki marker tərəfindən qiymətləndirmə meyarlarına əsasən yoxlanılır və onların verdiyi qiymətlər əsasında yekun qiymət çıxarılır. Esse yoxlanılarkən onun mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə, yekun) mövcudluğu və onlar arasında məntiqi rabitə, mövzunun yaradıcı şəkildə şərhi və əhatə səviyyəsi, fərdi baxışların, fikirlərin məntiqli və inandırıcı şərhi, əks fikirlərin inandırıcı şəkildə təkzibi, fikirlərin sitatlarla, nümunə, təcrübə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı və orijinallığı, habelə yazı savadı (yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) ümumi sayı) nəzərə alınır.
Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin tələb olunan minimal həcmdən (minimum 180 sözdən) az həcmdə yazılmış, eləcə də oxunulması və anlaşılması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.
Essenin həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər. Minimal həcmdən (180 sözdən) az olan esselər “0” (sıfır) balla qiymətləndirilir, esselərin maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Esse səliqəli və aydın yazılmalıdır ki, onu oxuyub-qiymətləndirmək mümkün olsun.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıldığına görə doktoranturaya xarici dil üzrə qəbul imtahanının vaxtı müvafiq qurumlarla razılaşdırılmaqla dəqiqləşdirildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.