Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
LEQAL.AZ xəbər verir ki, layihə çərçivəsində növbəti material Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.
1959-cu ildə Şuşada dahi Azərbaycan bəstəkarı, milli peşəkar musiqimizin banisi, dünya şöhrətli Üzeyir Hacıbəylinin uşaqlıq illərini keçirdiyi evdə onun ev-muzeyi yaradılıb. Muzeyin ekspozisiyasında bəstəkarın ilk yaradıcılıq illərinə aid əşyalar, əsərlərinin əlyazmaları, çoxlu sənəd, həyat və yaradıcılığını əks etdirən fotoşəkillər nümayiş etdirilirdi.
Üzeyir Hacıbəylinin anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunub. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi UNESCO tərəfindən geniş qeyd edilib, dünyanın bir çox ölkəsindən gəlmiş qonaqlar dahi bəstəkarın Şuşadakı ev-muzeyini ziyarət etmiş, burada böyük yubiley tədbirləri keçirilib.
Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından sonra muzey fəaliyyətini dayandırıb. Muzeyin eksponatları Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin fondlarında saxlanılır. Bakıya gətirilən eksponatlardan ən dəyərlisi isə muzeyin həyətindəki Üzeyir bəyin çox sevdiyi armud ağacının dibindən götürülmüş bir ovuc Şuşa torpağıdır.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.