Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mədəniyyət Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, layihə çərçivəsində növbəti material Dəmirovlu pir məbədinə həsr olunub.
Qafqaz Albaniyasının maddi-mədəni irsinə aid olan abidə Laçın rayonunun Qarqışlaq kəndində yerləşir və XI əsrə aiddir.
Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal edildikdən sonra abidənin hazırkı vəziyyəti məlum deyil.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.