Professor Osman Mert: “Türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə bir çox layihə həyata keçiririk”

Professor Osman Mert: “Türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə bir çox layihə həyata keçiririk”
  • Təhsil

  • Türk Dil Qurumu 1932-ci ildə keçirdiyi ilk “Türk dil bayramı”ndan bu günə kimi türk dilinin zənginliyini ortaya çıxarmaq və dünya dilləri arasında öz layiqli yerinə çatdırmaq üçün bir çox araşdırmalar aparır, nəşrlər hazırlayır.

    Bu sözləri Türk Dil Qurumunun başqanı, professor Osman Mert Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nda çıxışında deyib.

    Qeyd edib ki, türk xalqları Sibirdən Monqolustana, Anadoluya və Balkanlara kimi böyük coğrafiyada yaşamış və öz mədəniyyətlərini formalaşdırmışlar. O, bu mədəniyyətin izlərinin qədim Çin mənbələrində və Göytürk abidələrində günümüzə qədər gəlib çıxdığını bildirib və çətin coğrafiyada yaşayan türk xalqlarının hər zaman daxili və xarici düşmənlərinin olduğunu vurğulayıb. O, Göytürk xaqanı Bilgə xaqanın “Ey türk xalqı! Üstdən göy çökmədikcə, altdan yer dəlinməyincə, türk dövləti, türk törəsi pozulmaz. Türk xalqı özünüzə gəlin!” sözlərini xatırladıb və türk xalqlarını daim bir olmağa səsləyib: “Bu gün baxdığımızda həm Azərbaycan, həm Türkiyə, həm də digər türk dövlətləri çətin coğrafiyalarda yaşayırlar. Bu gün diqqət etsəz, yaşadığı vətən üçün min ildir şəhid verən bizdən başqa heç kim yoxdur. Və bu coğrafiyalarda bizim qədər dünya tarixində uzun yaşaya bilən ikinci mədəniyyət yoxdur. Onun üçün coğrafiyamızın və mədəniyyətimizin dəyərinin və önəminin fərqində olmalıyıq”.

     “Türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə bir çox layihə həyata keçirmiş və nəşrlər hazırlamışıq. Bu gün Türk Dil Qurumunun nəşrləri sırasında Azərbaycan türkcəsi başda olmaqla, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti türkcələrində, eləcə də muxtar respublikaların - uyğur, qaqauz, karaçay-balkar və s. bütün türkcələrlə bağlı araşdırma aparılmaqda və nəşrlər hazırlanmaqdadır. Bir sözlə, Türk Dil Qurumu türkcənin dil qurumu, sizin dil qurumunuzdur. 1926-cı ildə bu binada Birinci Türkoloji Qurultay keçirilmişdi və 2026-cı ildə İkinci Türkoloji Qurultayın məhz burada keçirilməsini qərara aldıq”, - deyə o söyləyib.

    Türk Dil Qurumunun rəhbəri beynəlxalq elmi konfransın Azərbaycanın qələbəsi ilə nəticələnmiş antiterror tədbirləri günlərinə təsadüf etməsinin əlamətdar hadisə olduğunu bildirib və tədbirin işinə uğurlar arzulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər