Professor Dərya Örs: “Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu türk dilinin qüdrətinin bütün dünyaya nümayiş etdirilməsi istiqamətində böyük səy göstərir”

Professor Dərya Örs: “Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu türk dilinin qüdrətinin bütün dünyaya nümayiş etdirilməsi istiqamətində böyük səy göstərir”
  • Təhsil

  • Yaxın tarixdə Qarabağ bölgəsində baş verən İkinci Qarabağ müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərilərək qazanılan Qələbə bütün Türk dünyasının zəfəridir.

    Bu sözləri Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örs Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nda çıxışında deyib.

    O, son zamanlar bölgədəki bütün türk dövlətlərinin inkişafına nail olunduğunu qeyd edərək türkdilli ölkələr arasında əlaqələrin hər keçən gün artmaqda olduğuna diqqət çəkib, türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələrin birləşdirdiyini və bu amillərin qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməl olduğunu bildirib.

    2023-cü ilin Türk dünyası üçün olduqca əlamətdar tarixlərlə yadda qaldığını qeyd edən Qurum başqanı bu ilin Türkiyə Cümhuriyyətinin elan olunmasının və ömrünü Azərbaycan xalqına, millətinə həsr etmiş böyük dövlət adamı, Azərbaycanın memarı və qurucusu, xalqın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ili kimi qeyd olunduğunu vurğulayıb. O, bu iki əlamətdar hadisəyə həsr olunmuş konfransın bütün türk xalqlarını bir araya gətirdiyini, konfransda türkdilli ölkələrin danışdığı dilin əsas qollarından biri olan Oğuz türkcəsinin əsas xüsusiyyətləri, tarixi və gələcəyinə dair əhəmiyyətli məruzələrin dinləniləcəyini qeyd edib.

    Məruzəçi İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün siyasi danışıqların aparılması və s. kimi tədbirlərin yeni dünya düzəninin qurulması mərhələsində Türk dünyasının parlaq gələcəyinə dair ümidləri daha da artırdığına əminliyini ifadə edib. O, bu günlərdə Qarabağda aparılan antiterror tədbirlərinin uğurla nəticələndiyini qeyd edərək türk xalqlarının bölgədə yalnız sülh və sabitlik tərəfdarı olduqlarını vurğulayıb.

    “İkinci Qarabağ müharibəsinin Zəfərlə başa çatmasından sonra Türkiyə və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən siyasi əlaqələr bütün dünya üçün bir örnəkdir”, – deyən professor D.Örs elm, mədəniyyət və incəsənətin hər zaman siyasətə yön verən ən önəmli güclər arasında olduğunu söyləyib.

    Bu baxımdan bugünkü konfransın vacibliyinə toxunan Qurum başqanı konfransın elm, mədəniyyət və incəsənət sahəsinin mütəxəssisləri üçün önəmli platforma rolunu oynadığını vurğulayıb. O, Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistanı əhatə edən mədəniyyətin min illərdir ki, insanların xidmətində olmaq üçün böyük mücadilələr verdiyini diqqətə çatdırıb. Bu mədəniyyət vasitələri arasında yer alan türk dilinin fərqli coğrafi ərazilərdə yüz milyonlarla insan tərəfindən istifadə edildiyini deyən professor Dərya Örs türk xalqlarının öz aralarında ünsiyyət qura bilməsini asanlaşdırmaq üçün bir sıra tədbirlərin görülməsinin zəruriliyinə toxunub.

    Türk xalqlarının iqtisadi və mədəni müstəqilliyə nail olmaq üçün bu istiqamətdə birgə fəaliyyət göstərdiyini deyən məruzəçi bununla bağlı yeni fikir və ideyaların irəli sürüldüyünə, müzakirələrin aparıldığına diqqət çəkib. O, yeni dünya düzəninin qurulduğu bir vaxtda türk dilinin qüdrətinin bütün dünyaya göstərilməsi istiqamətində Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun böyük səy göstərdiyini diqqətə çatdırıb.

    Professor Dərya Örs çıxışının sonunda insanlığın rifahı, dünyada sülhə nail olunması, dövlətlərimizin qüdrətinin daha da artması üçün türk xalqlarının birlikdə fəaliyyət göstərməyə davam edəcəklərini bildirib. 
    PAYLAŞ:

    Oxşar xəbərlər