Akademik İsa Həbibbəyli: “90 ildir qeyd edilən “Türk Dili bayramı” ilk dəfə Türkiyədən kənarda, Azərbaycanla, xalqımızla birgə keçirilir”

Akademik İsa Həbibbəyli: “90 ildir qeyd edilən “Türk Dili bayramı” ilk dəfə Türkiyədən kənarda, Azərbaycanla, xalqımızla birgə keçirilir”
  • Təhsil

  • Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələnmiş lokal antiterror tədbirlərinin yaratdığı reallıqlar ölkəmizlə yanaşı, Türk dünyasında da sevinclə qarşılanmışdır.

    Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nda çıxışında deyib.

    Konfransın olduqca əlamətdar dövrə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, antiterror tədbirlərinin keçirildiyi ərəfələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT kimi dünyanın ən ali qurumunun kürsüsündən “Qarabağ Azərbaycan torpağıdır” deməsi və “Qarabağda heç bir status qəbul edilə bilməz” bəyanatı müstəqillik dövründə 85 milyonluq türk xalqının və onun liderinin Azərbaycana verdiyi dəstəyin ən bariz nümunəsidir: “Bu günlər Azərbaycan, Türkiyə və Türk dünyası üçün çox böyük bir əlamətdar dövrdür. Müasir Türk dünyasının iki böyük lideri, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvanda keçirdiyi zirvə görüşü, həmin görüş çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokol”unun və digər sənədlərin imzalanması Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra yaranmış reallıqlar çərçivəsində yüksək qiymətə malik tarixi hadisədir”.

    Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun 1932-ci il sentyabrın 26-da Mustafa Kamal Atatürkün başçılığı ilə keçirdiyi Birinci Türk Dili Qurultayında həmin tarixin “Türk Dili bayramı” kimi qeyd olunması haqqında qərar qəbul etdiyini deyən akademik İsa Həbibbəyli ötən 90 il ərzində bu əlamətdar günün qardaş ölkədə yüksək səviyyədə keçirildiyini bildirib. AMEA prezidenti diqqətə çatdırıb ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu 90 ildir qeyd etdiyi “Türk Dili bayramı”nı ilk dəfə Türkiyədən kənarda, Azərbaycanla, xalqımızla birgə keçirir.

    “Bizim üçün şərəfdir ki, bu əlamətdar bayramı AMEA-da Türkiyənin mötəbər qurumları və Türk dünyasının alim və şairləri ilə birgə qeyd edirik. Konfransın bu salonda keçirilməsi də özünəməxsus əlamətdar hadisədir. Çünki 1926-cı il fevralın 26-dan martın 6-dək Birinci Türkoloji Qurultay burada keçirilmişdir. Ötən 100 ilə yaxın müddət ərzində Türk dünyasının dili, ədəbiyyatı, mənəviyyatı çox inkişaf etmişdir və bu konfrans 2026-cı ildə keçirəcəyimiz İkinci Türkoloji Qurultayın bir növ başlanğıcıdır”.

    Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə səsləndirdiyi “Bir millət, iki dövlət” anlayışının indiki dövrdə də müstəqil türk dövlətlərinin, Türk dünyasının strategiyasının müəyyənləşməsində həlledici rol oynadığını söyləyib. Qeyd edib ki, Türkiyə və Azərbaycanın, eləcə də digər türk dövlətlərinin bütün platformalarda bir-birini dəstəkləməsi, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin genişlənməsi ümumilikdə Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

    Akademik İsa Həbibbəyli daha sonra Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Dərya Örsə və Türk Dil Qurumunun başqanı, professor Osman Mertə AMEA adından hədiyyələr təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər