AMEA-da AFAD-ın nümayəndə heyəti ilə görüş keçirilib

AMEA-da AFAD-ın nümayəndə heyəti ilə görüş keçirilib
  • Təhsil

  • Sentyabrın 8-də AMEA-nın Rəyasət Heyətinin binasında Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

    Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ötən gündən başlayaraq Bakıda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul etdiyini xatırladan akademik İsa Həbibbəyli ölkəmizin türk dünyası ilə əlaqələrə mühüm önəm verdiyini vurğulayıb.

    Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinin ölkələrimiz arasında münasibətlərin təməlini təşkil etdiyini deyən AMEA rəhbəri son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə, “Şuşa Bəyannaməsi” ilə isə hərbi müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Qeyd edib ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan qardaş ölkənin rəhbərliyinin və 85 milyonluq türk xalqının açıq dəstəyini hiss edib və xalqımız bunu heç bir zaman unutmayacaqdır.

    AMEA-nın Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Türkiyə Elmlər Akademiyası (TÜBA), Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və bir çox ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq etdiyini deyən akademik İsa Həbibbəyli qardaş ölkənin elmi qurumları ilə birgə konfransların, simpoziumların keçirildiyini, tədqiqatları aparıldığını, nəşrlərin ərsəyə gətirildiyini, kadr mübadiləsinin edildiyini diqqətə çatdırıb. Öz növbəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin AFAD-la sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən akademik İsa Həbibbəyli tərəflər arasında imzalanmış Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun münasibətlərimizi yeni mərhələyə qaldıracağını vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumunda əksini tapan maddələrdən biri də AFAD tərəfindən Şuşada seysmik stansiyanın qurulmasıdır ki, bu istiqamətdə işlər tezliklə yekunlaşacaq. AMEA rəhbəri, həmçinin sözügedən sənəddə işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların qurulması, birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi və proqram təminatı kimi maddələrin əksini tapdığını söyləyib və bugünkü görüşün qarşıdakı hədəflərə çatmağa müsbət töhfə verəcəyini deyib.

    Sonra çıxış edən AFAD-ın Zəlzələ və risklərin azaldılması idarəsinin müdiri Orhan Tatar ölkəmizdə və Akademiyada olmaqdan məmnunluğunu dilə gətirib, Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın və AFAD-ın rəhbəri Okay Memişin salamlarını çatdırıb.

    Bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı xatirələrini bölüşən Orhan Tatar hadisənin ilk saatlarından etibarən yardıma gələn ilk ölkənin qardaş Azərbaycan olduğunu bildirib və minnətdarlığını ifadə edib. Bu fəlakətdən dərs çıxartmağın vacibliyinə toxunan AFAD rəsmisi Azərbaycanın da seysmik zonada yerləşdiyini deyib və güclərimizi birləşdirməyin zəruriliyini vurğulayıb.

    Orhan Tatar AFAD-ın 2009-cu ildə qurulmasına baxmayaraq, böyük təcrübəyə malik olduğunu, zəlzələ risklərinin azaldılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən O.Tatar bu istiqamətdə atılmış ilk addım olan Şuşada seysmik stansiyanın qurulması işlərinin tezliklə yekunlaşacağını söyləyib və AMEA rəhbərliyini Türkiyəyə dəvət edib.

    AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, müxbir üzv Qurban Yetirmişli isə çıxışında Türkiyənin seysmik qurumları ilə əlaqələrinin ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdən başladığını, birgə beynəlxalq layihələrdə iştirak etdiklərini söyləyib. O, AFAD kimi böyük təcrübəyə malik qurumla əməkdaşlığın gələcək birgə fəaliyyətə müsbət töhfə verəcəyini vurğulayıb. Qurban Yetirmişli, həmçinin Türkiyədə 6 fevral 2023-cü il tarixində baş vermiş dəhşətli zəlzələdən sonra Kahramanmaraş bölgəsində özünün rəhbərliyi ilə Seysmoloji Mərkəzin əməkdaşları tərəfindən aparılan tədqiqatlar barədə də məlumat verib. Həmçinin Mərkəzin fəaliyyət istiqamətləri, seysmik stansiyaları, il ərzində qeydə alınan zəlzələlər və aparılan tədqiqatlara dair təqdimatla çıxış edib.

    Tədbirdə, o cümlədən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AFAD rəsmiləri Vedat Özsaraç, Məhəmməd Maruf Yaman və başqaları çıxış edərək Anlaşma Memorandumunun ölkələrimiz və qurumlarımız arasında əlaqələrin inkişafına daha da təkan verəcəyini söyləyiblər.

    Görüşdən sonra AFAD nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələrin tədqiqatı bürosunda olub, proqram təminatı ilə bağlı müzakirələr aparılıb.

    Müəllif: Leqal.az



    PAYLAŞ:

    Oxşar xəbərlər