Yanvarın 10-da AMEA Rəyasət Heyətinin Böyük zalında Azərbaycan Milli Elmlər Akademiyasının və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb. Sonra AMEA alimlərinin müəllifliyi ilə nəşr olunmuş əsərlərdən ibarət sərgiyə baxış keçirilib.
Elmi konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri”mövzusunda giriş nitqi ilə açaraq bildirib ki,bu gün keçirilən elmi konfransla Milli Elmlər Akademiyası “Heydər Əliyev İli” üzrə keçiriləcək tədbirlərə start verir.Ümummilli Lider Heydər Əliyevin dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunduğunu və nüfuzlu siyasətçilərin Ulu Öndərin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini daim yüksək qiymətləndirdiklərini vurğulayıb: “Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir. Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq, 54 ildir ki, Heydər Əliyev epoxasında qurub-yaradır və ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları və mübarizəsi ilə üzvi surətdə əlaqədardır. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi Zəfərlər, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir tarix epoxasını yaratmağa nail olub. Beləliklə, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında tarixi Sərəncam çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətini, bu epoxanın mühüm hadisələrini, nailiyyətlərini, nəticələrini daha əsaslı və sistemli şəkildə dərk və şərh etməyə, xalqımıza və dünyaya çatdırmağa şərait yaradır”.
AMEA-da keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika miqyaslı elmi konfransların, hazırlanması nəzərdə tutulan çoxsaylı monoqrafik tədqiqatların alimlərimizin “Heydər Əliyev İli”nə hesabatlarında əsas yer tutan addımlardan olduğunu deyən akademik İsa Həbibbəyli bu əlamətdar ilin müstəqil Azərbaycan dövlətinin nailiyyətlərinin təbliğ edilməsi baxımından da geniş meydan açdığını söyləyib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ilə 30 illik işğaldan sonra Qarabağın düşməndən azad edilməsi və ölkəmizdə Böyük Qayıdış hərəkatının uğurla həyata keçirilməsi Azərbaycanın çoxəsrlik tarixində nadir tarixi hadisədir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycana Qayıdış konsepsiyasının hazırlanmasına dair çağırışı XXI əsrdə Azərbaycan xalqının tarixi-coğrafi və milli-mənəvi bütövlüyünə dönüşünün dərk olunmuş əhəmiyyətli bir paroludur. BMT-nin Təhlükəsizlik Şurasında şuraya sədrlik etdiyi vaxtda Fransanın təcavüzkar Ermənistanla əlaqədar məkrli planlarının həyata keçirilməsinə imkan verilməməsi Prezident İlham Əliyevin dünya liderlərindən biri olduğunu qəti şəkildə isbat edir. Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mümkün ola biləcək ən yaxın dövrdə Ermənistanla Sülh sazişinin imzalanması və Zəngəzur-Laçın dəhlizlərinin açılması sahəsində həlledici addımların atılması da “Heydər Əliyev İli”nə möhtəşəm töhfələr olacaqdır”.
AMEA rəhbəri diqqətə çatdırıb ki, Heydər Əliyevin elmi bioqrafiyasını yaratmaq, “Heydər Əliyev Ensiklopediyası”nı hazırlayıb nəşr etdirmək də qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycan elmi-intellektual qüvvələrinin, yaradıcı ziyalılarımızın və alimlərimizin“Heydər Əliyev İli”nin çağırışlarına özlərinin parlaq elmi və bədii əsərləri ilə cavab verəcəklərini bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, bu mənada “Heydər Əliyev İli” ədəbiyyat və incəsənətin, humanitar və ictimai elmlərin inkişafı sahəsində geniş üfüqlər açır. Akademikin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin ömür və mübarizə yolunun ibrətamiz dərslərinin, azərbaycançılıq ideallarının daha dərindən və əsaslı şəkildə tədqiq edilib öyrənilməsi, xalqımıza və dünyaya çatdırılması üçün bütün imkanlar səfərbər olunub.
Sonra “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Heydər Əliyev və mətbuat siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin qeyri-adi zəka və təşkilatçılıq bacarığına malik bir şəxsiyyət olduğunu xüsusi vurğulayan baş redaktorSovet İttifaqının ali rəhbərliyində 30-a yaxın sahəyə məharətlə rəhbərlik etmiş Ulu Öndərin həmin illərdəki uğurlarının bu gün də MDB məkanında etiraf edildiyini diqqətə çatdırıb. Ümummilli Liderin xalqı məqsədə doğru yönəltmək, öz sözünü, ideyalarını, fikirlərini insanlara çatdırmaq üçün daim mətbuata böyük önəm verdiyini bildirib:“Ulu Öndər ideoloji işin ustası, mahir bilicisi idi. Ulu Öndərin“Literaturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc olunmuş “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi ilə bütün SSRİ onun qətiyyətinin, müdrikliyinin, ədalət uğrunda necə mübarizə aparmasının şahidi oldu. O dövr üçün aydın səmadan şimşək kimi çaxan müsahibə həm də qarşıya qoyulan vəzifələr, Ulu Öndərin gördüyü və görəcəyi işlərin anonsu idi.Onun rəhbərliyi dövründə Azərbaycan qısa müddətdə SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildi, insanların rifahı yüksəldi. Bütün bu işlərin görülməsindədahi rəhbər mətbuatdan bacarıqla istifadə etdi”.
Ümummilli Liderin ölkəmizə ikinci rəhbərliyi dövründə də mətbuatla sıx bağlı olduğunu, 6 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Ulu Öndərin mətbuatla münasibətləri hər zaman dostluq telləri üzərində qurulub,Ümummilli Lider hər zaman jurnalistlərə açıq olub, onların istədikləri bütün sualları cavablandırıb: “Ulu Öndər mətbuata məharətlə gündəm verirdi, həm də jurnalistləri öyrədirdi.Jurnalistləri sensasiyadan, şər-böhtandan, qərəzli yazılardan çəkinməyə səsləyir, onları vətənpərvər olmağa çağırırdı.Ümummilli Lider həm də mətbuatın ən böyük qayğıkeşi idi.Biz çox fəxr edirik ki, dahi rəhbər jurnalist əməyinə çox yüksək qiymət verib: “Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Bəxtiyar Sadıqov Ulu Öndərin hər bir azərbaycanlının həyatında mühüm rol oynadığını, hər birimizin ona vəfa borcumuzun olduğunu söyləyib və bu böyük şəxsiyyətin daim minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.
Konfransda, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlətçilik ideyaları”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Heydər Əliyev və Azərbaycan incəsənəti”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin “Bir millət – iki dövlət” və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzələr dinlənilib.
Tədbirdə, o cümlədənUlu Öndərin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.
Müəllif: LEQAL.AZ