Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin tanınmış “Band TV” telekanalının “Campo Diplomatico” (diplomatik sahə) proqramına müsahibə verib.
Azərbaycanın Braziliyadakı səfirliyindən LEQAL.AZ-a bildiriblər ki, müsahibə zamanı ölkəmizin iqtisadi potensialı, regionda oynadığı siyası rol, həmçinin, Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarda yaranmış yeni imkanlara dair məlumatlar verilib. Braziliyanın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu nəzərə alaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün geniş imkanların mövcudluğu, iki ölkə arasında sıx siyasi əlaqələrin olduğu təqdirdə bu imkanlardan daha səmərəli istifadə olunmasının mümkünlüyü qeyd edilib. Səfir Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlardan danışarkən, ölkəmizdə həyata keçirilən müxtəlif layihələr haqqında geniş məlumat verilib. Ölkəmizin bu sahədə müasir və qabaqcıl texnologiyaların tətbiqində maraqlı olduğunu qeyd edən səfir E.Poluxov Braziliyanın rəsmi dairələri ilə bu istiqamətdə işlərin aparıldığını da vurğulayıb. Bildirilib ki, hər iki ölkə bu istiqamətdə qarşılıqlı faydalı nəticələrin əldə edilməsində maraqlıdır. Həmçinin, müsahibə zamanı E.Poluxov braziliyalı sərmayəçiləri ölkəmizə dəvət edərək, Azərbaycanda biznes yaratmaq üçün çox əlverişlı şəraitin olduğunu diqqətə çatdırıb.
Yarım saata yaxın davam edən müsahibədə həmçinin, biznes sahəsinə aid digər məsələlər də işıqlandırılıb.
Qeyd edək ki, “Band TV” telekanalının “Campo Diplomatico” proqramı Braziliyanın iş adamlarını xarici ölkələrin biznes mühiti ilə tanış etmək məqsədi daşıyır və geniş izləyici kütləsinə malikdir.
Müsahibə ilə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:
https://www.youtube.com/watch?v=LWjMdpSGuIM