Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində inkişaf edərək güclü dövlətə çevrilib:
“Bu faktoru beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib. Xüsusilə, mənfur terrorçu Ermənistan sentyabrın 27-də İkinci Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir və bunu işğalçı, faşist xislətli düşmən dövlət də bir daha gördü. Bu gün bir-birinin ardınca işğal olunmuş torpaqlarımızın azad olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz bu gün döyüş meydanında öz sözünü deyir və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünün bərpa olunması yolunda mübarizəsini aparırı. Həmçinin, Azərbaycan dünya ictimaiyyətinin əleyhinə olduğu terrorçuluğa qarşı antiterror əməliyyatları həyata keçirir”.
Prezident bildirib ki, son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib: “Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq”.
Azərbaycanın mənzərəsinə istinadən qətiyyətlə demək mümkündür ki, son 14 ildə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji önəm daşıyan prioritet sahələrə, o cümlədən də neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib.
Respublikada böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Respublikanın ayrı-ayrı bölgələrində bitkiçilik və heyvandarlıq istiqamətli 40-dək aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Artıq ölkənin regionlarında 10 min hektar ərazidə yaradılan 2 aqropark uğurla fəaliyyət göstərir.
Ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə uğurla həyata keçirilən sənayeləşmə siyasəti də öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır.
Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun bir fenomen kimi tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ölkədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə əsasən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Bu baxımdan ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən dövlət dəstəyi xüsusilə diqqətəlayiqdir.
Ölkəmizdə Prezident İlham Əliyevin yeni sənaye quruculuğu ilə bağlı müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq İKT sektorunun inkişafı, innovasiya əsaslı, elm tutumlu müəssisələrin yaradılması yüksək səviyyədə dəstəklənir. Dövlət başçısı Sumqayıtda, Pirallahıda, Mingəçevirdə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində yüksək texnologiyalar parklarının yaradılması haqqında müvafiq Sərəncam və fərmanlar imzalayıb. Yüksək texnologiyalar parklarında nəzərdə tutulan fəaliyyət sahələrinə mobil texnologiyalar, informasiya texnologiyaları, elektron biznes, animasiya qrafikaları, proqram mühəndisliyi, telekommunikasiya və kosmos, robot və mexanika, LED texnologiyaları, biotexnologiyalar, tibbi proqram təminatları, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, alternativ enerji və digər innovativ texnologiyalar daxildir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət kursu sayəsində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yönündə də mühüm nəticələr əldə olunub. Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub və hüquqi dövlət quruculuğu artıq başa çatıb. Başqa sözlə, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib.
Bir məqamı da vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə müstəsna töhfələr verir.
Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir. Özünü dünyaya güclü dövlət kimi təqdim edən respublikamızda daha bir əlamətdar hadisə yaşanıb - Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi vəböyük əməyi sayəsində mümkün olub.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur
Çingiz Əkbərov,
Masallı Rayon Statistika
İdarəsinin Aparıçı məsləhətçisi.