Respublika fənn olimpiadalarının yarımfinal turu muxtar respublika üzrə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-ın Naxçıvan bürosuna bildirib ki, muxtar respublika üzrə martın 8-də informatika fənni üzrə 2, martın 10-da isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 67, riyaziyyat fənni üzrə 79, coğrafiya fənni üzrə 31, tarix fənni üzrə 52, kimya fənni üzrə 28, biologiya fənni üzrə 21, fizika fənni üzrə 25 olmaqla, ümumilikdə, 305 şagird bu mərhələdə iştirak edib.
Bu il mövcud vəziyyətlə əlaqədar fənn olimpiadalarının yarımfinal turunda iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib. Müəyyən məsafə qorunmaqla və hərarətləri yoxlanaraq binaya daxil olan şagirdlər öncədən dezinfeksiya işləri aparılmış və havalandırılmış otaqlarda tam təhlükəsiz şəraitdə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, ötən tədris ilində keçirilən Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri ilə müqayisədə bu il muxtar respublika məktəbliləri olimpiadalarda daha fəal iştirak edirlər. Belə ki, 2019-2020-ci tədris ilində fənn olimpiadalarının yarımfinal turunda 218 şagird iştirak etmişdisə, cari tədris ilində 305 şagird yarımfinal turunda iştirak etmək hüququ qazanıb.