O, Masallıda riyaziyyatçılar “ordusunun” sərkərdəsi idi. Bunu təkcə mən demirəm. Riyaziyyatla məşğul olan hər kəs-müəllimlər, şagird və tələbələr də belə düşünürdü. Riyaziyyat adı gələndə Cəmaləddin müəllim, Cəmaləddin müəllim adı gələndə riyaziyyat yada düşür.
Mənim üçün şərəfdir ki, belə müəllimlə düz 27 il bir yerdə - Masallı şəhər S.Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində işləmişəm. Təkcə riyaziyyat adı gələndə deyil, ümumiyyətlə, müəllim adı gələndə də Cəmaləddin müəllimi təsəvvür etmək kifayətdir. O, təpədən dırnağa kimi müəllim idi. Səliqəli geyimi, yaraşıqlı boy-buxunu, şax yerişi, ölçü-biçili, dəqiq, konkret danışığı ilə müəllimlərə örnək idi. Uzun-uzadı danışmağı sevməzdi, eyni zamanda həmsöhbətindən də tələb edirdi ki, vaxta qənaət etsin, geniş, ucsuz-bucaqsız, lazımsız söhbətlərə yer verməsin. Axı dəqiq fənni-riyaziyyatı tədris edirdi. Hər gün məktəbə ilk gələn biz olardıq. Dərs başlayana qədər müxtəlif mövzuda fikir mübadiləsi aparardıq. Bəzən görürdüm ki, qulaq asa-asa beynində nə isə hesablayır. Dərsarası asudə vaxtlarında sinif otaqlarının birinə girər, lövhəni doldurardı misal-məsələ ilə.
Cəmaləddin müəllim təkcə Digah məktəbinin riyaziyyat müəllimi deyildi. Masallıda repetitorluq fəaliyyəti ilə məşğul olan ilk müəllimlərdən idi. Onun yanına nəinki Masallıdan, hətta qonşu rayonlardan da şagirdlər gələrdi. Kim gəlirdisə, bilirdi ki,uğur qazanacaq. Qəbul imtahanında riyaziyyat fənninin qarantı idi. Onun övladlarımın da üzərində böyük zəhmətiolub.
Üç övladım ondan riyaziyyatı öyrənib, yüksək balla ali məktəbə daxil olub. 2019-cu ildə buraxılış imtahanından 300 bal toplayan, 685 balla ali məktəbə daxil olaraq Prezident təqaüdünə layiq görülən övladım Şəhriyarın riyaziyyat müəllimi fəxrlə deyirəm ki, Cəmaləddin müəllim olub. O, təkcə orta məktəb proqramı ilə uşaqlarla məşğul olmurdu. Hər il neçə-neçə şagirdi olimpiadalara təmənnasız hazırlayardı. Digah məktəbinin şagirdlərindən Şəhriyar Respublika Fənn Olimpiadasının final turunda riyaziyyat üzrə mükafata layiq yer tutdu, Xalid və Ağa LDU-nun regional olimpiadasında 1-ci və 2-ci yerləri tutublar, özü də iki il dalbadal. Bəli, bu uğurlar asan başa gəlməyib. Bir misalın həlli üçün Şəhriyar evdə 3 gün gecə-gündüz əlləşərdi. O, qəsdən misalın cavabını uşaqlara bildirməzdi, deyərdi ki, zəhmət çəkin, 3-4 gün vaxt sərf edib cavabı tapın. Belə olanda beyinləriniz inkişaf edər.
Bəli, Cəmaləddin Əmənov belə riyaziyyat müəllimi idi. Hər bir şagirdinin uğuruna hədsiz sevinən, onlarla qürur hissi keçirən müəllim idi. Yadımdadır, bir neçə il əvvəl şagirdi Süleyman Prezident təqaüdünə layiq görüləndə onun necə sevindiyini gözlərimlə görmüşəm, cümləsinin əvvəli də, sonu da Süleyman idi.
Cəmaləddin müəllim 7 yanvar 1957-ci ildə Masallı rayonunun Çaxırlı kəndində zəhmətkeş ailədə dünyaya gəlib. Orta məktəbi doğma kəndində oxuyub. İstedadı hələ orta məktəbdə oxuduğu illərdən üzə çıxmışdı. Şagird olarkən riyaziyyat fənni üzrə Respublika olimpiadasında iki dəfə iştirak edib, 10-cu sinifdə 2-ci yerə layiq görülüb. Orta məktəbi bitirdikdən sonra riyaziyyat fənnindən yazılı və şifahi imtahanlardan iki “5” ilə ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub.
1983-cü ildə Cəmaləddin ali təhsilini bitirib Masallı şəhər İsgəndərli məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bir ildən sonra Digah məktəbində çalışıb. Ömrünün axırına kimi bu kollektivdə işləyib. Cəmaləddin müəllim heç vaxt vəzifə arzusunda olmayıb. Əgər istəsəydi bu sahədə hansısa vəzifəyə yüksələ bilərdi. Axı o, Masallıda hamının tanıdığı, hörmət etdiyi, hətta rəhbər vəzifələrdə işləyənlərin də övladlarının müəllimi idi. Rayon olimpiadalarında riyaziyyat fənnindən sualların hazırlanması, nəticələrin yoxlanılması işlərində rayon təhsil şöbəsinə yaxından kömək edərdi. Bir sözlə, hər kəsə lazım olan pedaqoq idi. Bir xahişi ilə istənilən vəzifəyə keçə bilərdi. Amma onun üçün ən şərəfli, ən uca vəzifə müəllimlik idi. Bu peşənin də öhdəsindən layiqincə gələrdi. Digah məktəbində dərs dediyi şagirdlər-Bəxtiyar, Rasim, Şərafət, Mədət, Fikrət və başqaları hələ orta məktəb illərində Moskva Dövlət Universitetinin nəzdində Ali Riyaziyyat məktəbi ilə sıx əməkdaşlıq etmiş, 3 il həmin məktəbdə qiyabi oxumuşlar. Həmin şagirdlər diplomla, Cəmaləddin müəllim isə Fəxri fərmanla təltif olunmuşdu.
“Kvant”, “Matematika v şkole” jurnalları ilə sıx əməkdaşlıq edirdi Cəmaləddin müəllim. Riyaziyyat fənninə aid maraqlı fikirləri həmin jurnallarda işıqlandırılardı. Azərbaycan mətbuatında metodiki yazıları çap edilərdi. “Fizika, riyaziyyat və informatika tədrisi” jurnalında olimpiada misal və məsələlərinin həllinə aid yazıları müntəzəm dərc olunub. 2001-ci ildə adı çəkilən jurnalın keçirdiyi “Məsələ həlli” müsabiqəsində o, 1-ci yeri tutub. Hazırladığı abituriyentlər hazırda respublikanın nüfuzlu dövlət orqanlarında çalışırlar. O, ictimai fəaliyyətindən də geri qalmırdı. Məqam düşəndə hərbi hissələrə dəvət olunur, əsgər və zabitlərimizin qarşısında vətənpərvər çıxışlar edirdi. Elə bu vətənpərvərlik fəaliyyətinin nəticəsidir ki, Digah məktəbinin 20-yə yaxın məzunu 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərib, 2 nəfər - Araz və Cavad şəhidlik məqamına yüksəlib, bir neçəsi Prezidentin Sərəncamı ilə orden və medallara layiq görülüb.
37 illik fəaliyyəti dövründə hər cür mükafatlara layiq görüldü: “Baş müəllim” adı aldı, Fəxri fərmanlarının sayı-hesabı yoxdur. Amma onun üçün ən böyük mükafat vaxtı ilə zəhmət çəkib yetişdirdiyi şagirdlərinin arabir bayramlarda zəng edib onun halını soruşması idi.
Cəmaləddin müəllim dediyimiz kimi təpədən dırnağa müəllim idi. Müəllim çörəyi ilə övladlarını böyüdüb boya-başa çatdırıb. Həyat yoldaşı Dilarə müəllimə ilə uzun müddət ki, eyni məktəbdə çalışdı. Ər-arvad halal zəhmətlə 3 övladını böyüdüb, onlara həyatda düz yol göstərib. Övladlarının üçü də ali təhsillidir. Oğlu Elnur da dəfələrlə olimpiadalarda qalib gəlib. Keçmiş Təhsil naziri Misir Mərdanov şəxsən olimpiada qalibi kimi Elnura fəxri fərman təqdim edib. Qızları Şəhla, Samirə dəfələrlə olimpiada qalibi olub, hazırda ailə həyatı qurublar. Müəllimin nəvələri-İlkin, Toğrul, Gülnar, Sərvət, öz adını daşıyan Cəmaləddin də məktəbdə əlaçıdırlar. Bir sözlə, bu ailədə məişət danışığı riyaziyyat dilinə qarışıb.
Yaşasaydı Yanvarın 7-də 64 yaşı tamam olacaqdı. Bir ildən sonra təqaüdə çıxacaqdı. Masallıda riyaziyyat “ordusuna” sərkərdəlik edən, ən çətin misal və məsələlərin həllini asanlıqla tapan, bu qədər riyaziyyatçılar yetişdirən Cəmaləddin müəllim, təəssüf ki, çox asan misalın öhdəsindən gələ bilmədi, amansız əcəl imkan vermədi.
64+1=?
Əziz dostum, siz həmişə yaşayacaqsınız. Əkdiyiniz ağacların meyvələrinin dənələrini külək Azərbaycanın hər tərəfinə səpələyib. Məktəbimizin kollektivi də, yetirmələriniz də sizin adınızı qəlblərində daim yaşadacaqlar. Rahat yat, qardaş. Məkanın cənnət olsun!
Şahin SƏMƏDLİ, Jurnalist.
LEQAL.AZ