Strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Biz Avropa Komissiyası ilə əlaqələrimizdə sizin dəstəyinizə görə minnətdarıq.
LEQAL.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən söyləyib.
İkitərəfli gündəliyin çox vacib olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır. Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”.
Prezident İlham Əliyev qeyd edib ki, digər sahələrdə də imkanlar mövcuddur. Kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var.
“Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz”, - deyə Prezident bildirib.