Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.
LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısındakı çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq”.
Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu, münaqişənin tarixdə qaldığını vurğulayan Prezident deyib ki, biz indi gələcək haqqında düşünürük. “Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.
Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.