Pakistanla hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik”.
Prezident İlham Əliyev deyib ki, biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək.